İngiltərə Avropadan gətirilən ət və süd məhsullarını qadağan etdi


İngiltərə Avropadan qayıdan turistlərə özləri ilə ət və süd məhsulları gətirməyi qadağan edib.



İngiltərə hökumətinin qəbul etdiyi qərara görə, İngiltərəyə qayıdan sərnişinlər bundan sonra özləri ilə mal, donuz, quzu, maral, keçi əti və süd məhsulları gətirə bilməyəcəklər.

Yeni qaydalar hətta kiçik miqdarda hədiyyə qida məhsullarını, məsələn, Fransadan gələn pendir və ya Almaniyadan gələn kolbasaları əhatə edir.

Kənd Təsərrüfatı Naziri Daniel Zayxner açıqlamasında deyib ki, hökumət Britaniya fermerlərini dabaq xəstəliyindən qorumaq üçün əlindən gələni edəcək.

"Şəxsi ət və süd məhsullarının idxalına yeni məhdudiyyətlərlə biz xəstəliyin yayılmasının qarşısını almağı və qida təhlükəsizliyimizi qorumağı hədəfləyirik" deyə nazir qeyd edib.

Tətbiq çərçivəsində bəyan edilməmiş ət və ya süd məhsulları İngiltərə sərhəd təhlükəsizlik qrupları tərəfindən müsadirə edilərək məhv ediləcək. Qaydaları pozan sərnişinlər 5000 funt-sterlinqə qədər cərimə və ya qanuni tədbirlərlə üzləşə bilər.

X sosial media platformasında verdiyi açıqlamada hökumət qərarın Brexit ilə deyil, Avropa qitəsində artan dabaq xəstəliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, İngiltərədə hazırda heç bir yoluxma hadisəsi qeydə alınmayıb.

Liberal demokrat deputat Karolin Voden hökuməti Aİ ilə baytarlıq sazişi imzalamadığına görə tənqid edib.

"Bu qadağalar uzunmüddətli biotəhlükəsizliyi təmin etmir. Aİ ilə hərtərəfli baytarlıq sazişi təcili olaraq lazımdır", - Voden bildirib.

Yeni tənzimləmə Brexitdən sonra Böyük Britaniya-AB xəttində yaşanan səyahət problemlərinə yenisini əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu