"Mercedes-Benz" markasının tarixi – Qız adı ilə yaranan dünya nəhəngi

"Mercedes-Benz" dünya avtomobil sənayesinin ən tanınmış və prestijli markalarından biridir. Bütün məşhur brendlərdə olduğu kimi, "Mercedes-Benz"in adının yaranması da oxucular üçün həmişə maraqlı olub. Necə olub ki, bir avtomobil "Mercedes" adlandırılıb və artıq bir əsrdən çoxdur ki, dünyanın bir nömrəli markaları sırasındadır?
Mənbələrə görə, "Mercedes-Benz" adı onu məşhur edən şəxslərdən birinin qızının adı ilə bağlıdır. Bu unikal ad həm sənaye, həm də insan hekayəsinin gözəl sintezidir və markanın dünya şöhrətinə aparan yolunu simvollaşdırır.
Qız adıyla dünya şöhrəti qazanan marka
"Mercedes-Benz" adındakı “Mercedes” sözü Emil Jellinek adlı avstriyalı iş adamının qızının adından götürülüb. Emil Jellinek 1900-cü illərin əvvəllərində Almaniyanın "Daimler-Motoren-Gesellschaft" (DMG) şirkəti ilə yaxından əməkdaşlıq edib və yeni avtomobillərin inkişafında fəal rol oynayıb. O, həmçinin avtomobillərin satışı və tanıdılması ilə məşğul olub.
Jellinek qızına — Mercedes Jellinekə dərin sevgi bəsləyirdi və "Daimler" şirkətindən yeni bir model avtomobilə onun adını verməyi xahiş etdi. Nəticədə 1901-ci ildə təqdim olunan “Mercedes 35 HP” modeli satışa çıxdı və böyük uğur qazandı. Bu avtomobil həm texnologiya, həm də dizayn baxımından dövrünün qabaqcıl nümunələrindən biri hesab olunurdu.
Fotoda "Mercedes" adlandırılan ilk avtomobil: "Mercedes" 35 HP
"Mercedes-Benz" – iki sənaye nəhənginin birləşməsi
1926-cı ildə "Daimler-Motoren-Gesellschaft" (DMG) və Karl Benzin şirkəti olan "Benz & Cie" rəsmi olaraq birləşərək "Mercedes-Benz" markasını yaratdılar. Burada “Mercedes” Emil Jellinekin qızının adı, “Benz” isə avtomobilin ixtiraçısı Karl Benzin soyadıdır. Beləliklə, avtomobil sənayesinin iki böyük siması birləşərək tarixi brendi ortaya qoydular.
Tarixdə iz qoyan brend
"Mercedes-Benz" yalnız avtomobil istehsalçısı kimi deyil, həm də avtomobil texnologiyalarında bir çox yeniliklərə imza atmış, keyfiyyət və prestij simvoluna çevrilməklə yaddaşlara köçüb. Bəlkə də brendin bu qədər uğurlu olmasında insan sevgisinin də böyük rolu olub. Hər dəfə bu adı eşidəndə, təkcə maşın yox, həm də arxasındakı dərin hekayə yada düşür.