KXDR Cənubi Koreya ilə danışıqları istisna edir

KXDR Cənubi Koreyanın yeni prezidenti Li Çje Myonun zahirən barışıq yönümlü addımlarına baxmayaraq, Seulun siyasətində əsaslı dəyişikliklər görmədiyi üçün danışıqlara getmək niyyətində deyil.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjonun yaydığı bəyanatda bildirilir. Bəyanat Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc olunub.
Sənəddə qeyd olunur ki, Seul yeni prezident dövründə KXDR-ə qarşı səsgücləndiricilərlə aparılan təbliğatı dayandırıb, vərəqələrin havaya buraxılmasını qadağan edib, Cənubi Koreyadan fərdi turistlərin KXDR-ə səfərinə icazə verib. Cənubi Koreya nümayəndələri həmçinin “sərtliyə sərtliklə cavab dövrünün” bitməsi və “yaxşılığa yaxşılıqla cavab dövrünün” başlamasının vacibliyindən danışıblar.
Lakin bəyanata görə, KXDR bu addımların Cənubi Koreya rəhbərinin "KXDR-i udaraq birləşmək ideyası ilə ovsunlanmış" mahiyyətini dəyişmədiyi qənaətindədir. "Əslində onun ABŞ-la ittifaqa kor-koranə inamı və qarşıdurma siyasəti sələfinin siyasətindən fərqlənmir", – deyə sənəddə bildirilir.
"KXDR Seulun siyasi təklifləri və tədbirləri ilə maraqlanmır, danışıqlar masasında danışacaq heç nəyimiz yoxdur. KXDR və Cənubi Koreya arasındakı münasibətlər artıq eyni xalq anlayışından çıxıb" - deyə vurğulanan bəyanatda bu mövqenin KXDR-in rəsmi mövqeyi olduğu qeyd edilib.