Maduro ABŞ-a sülh çağırışı etdi
Venesuela Prezidenti Nikolas Maduro partiyasının təşkil etdiyi bir mitinq zamanı çıxışının remiks edilmiş versiyası ilə rəqs edərək ABŞ-a sülh çağırışı edib.
Paytaxt Karakasda keçirilən Bolivarçı İcma Komandanlarının geniş iştirak etdiyi andiçmə mərasimində çıxış edən Maduro səhnədə öz sözlərinin remiks edilmiş versiyası ilə rəqs edərək ABŞ-la sülh istədiklərini vurğulayıb.
Minlərlə tərəfdarının qarşısında musiqi sədaları altında rəqs edən Maduro “Müharibə? Heç vaxt, heç vaxt müharibə yoxdur. Müharibəyə yox, zəhmət olmasa sülh!” deyərək kütlənin coşqusunu artırıb.
Maduro bildirib ki, Venesuela xalqının 94%-i imperialist hərbi təhdidi qəbul etmir.
“Bu gün bütün venesuelalılar, fərqli partiya və ya ideologiyaya mənsub olsun, hansı baxışda olursa olsun, tək bir səslə birləşib. Xalqın 94%-i imperialist hərbi təhdidi rədd edir, onu qınayır və vətənini qorumaq üçün hər cür hücuma qarşı dayanmağa hazır olduğunu ifadə edir”.
Keçmiş Prezident Uqo Çaves-ə sadiqlik andı edən Maduro çıxışını belə davam etdirib:
“Son ana qədər, zərurət olsa həyatımı da fəda edərək sizə sadiq qalacağıma and içirəm. Sizi heç vaxt yarı yolda qoymayacağıma və məyus etməyəcəyimə əmin ola bilərsiniz. Venesuelada sülh və milli birlik hökm sürür. Xalq ölkəni inşa edərək sülhü qazanmaq üçün təşkilatlanmış və hazırdır. Xalqımız 22 həftədir hərbi düşərgələrdə olub və könüllü milislər ölkənin müstəqilliyini qorumaq üçün səfərbər edilib”.
Maduro vurğulayıb ki, Venesuela xalqı 22 həftədir psixoloji müharibə ilə üzləşir və xalq, ordu və polis tərəfindən keçirilən təlimlər sayəsində ölkə nümunəvi müdafiə qabiliyyətinə çatıb.
Eyni zamanda, paytaxt Karakasın ən böyük küçələrində yürüş təşkil edən Venesuela Birləşmiş Sosialist Partiyası (PSUV) üzvləri əlində Venesuela bayraqları və Maduro posterləri ilə ABŞ-ın Karib bölgəsindəki hərbi hərəkətlərini qınayan şüarlar səsləndiriblər.
