Rusiya: Tramp çılğın siyasətini davam etdirərsə, 3-cü Dünya Müharibəsi başlayacaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İranın ABŞ və İsrailin başlatdığı hücum səbəbindən nüvə silahı hazırlama prosesini sürətləndirəcəyini bildirib.
AFN.az xəbər verir ki, Medvedev ABŞ Prezidenti Donald Trampın çılğın siyasətini davam etdirəcəyi təqdirdə 3-cü Dünya Müharibəsinin şübhəsiz başlayacağını vurğulayıb. Rusiya rəsmisi ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı TASS agentliyinə verdiyi açıqlamada Vaşinqtonun bu addımı ilə amerikalıları təhlükəyə atdığını qeyd edib.
O, artıq İranın nüvə silahı inkişaf etdirmək səylərini ikiqat artıracağına dair heç bir şübhə qalmadığını ifadə edib. Medvedevin sözlərinə görə, qlobal münaqişənin başlaması üçün artıq kiçik bir hadisə belə tətikləyici ünsür ola bilər.
Rusiya rəsmisi həmçinin Avropa İttifaqını İran məsələsində "ABŞ-ın vassalı" kimi hərəkət etməkdə ittiham edərək, bu prosesin ABŞ və müttəfiqlərinin qlobal hökmranlığını qorumaq üçün apardıqları bir müharibə olduğunu bildirib.
ABŞ-ın Rusiyadan qorxduğunu iddia edən Medvedev, nüvə münaqişəsi təhlükəsinin hər kəsə bəlli olduğunu və bunun Rusiyanın təhlükəsizlik qarantı olduğunu diqqətə çatdırıb. Onun fikrincə, mövcud gərginlik dünyanı geri dönülməz nöqtəyə sürükləyir.

