Miqrant qayığının batması nəticəsində 70-dən çox insan itkin düşdü



Aralıq dənizini keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 70-dən çox insanın dənizdə itkin düşdüyü bildirilib.

AFN.az xəbər verir ki, qeyri-qanuni miqrasiya marşrutları arasında mühüm yer tutan Liviya, Tunis, Malta və İtaliya arasındakı Mərkəzi Aralıq dənizi hövzəsində növbəti miqrant faciəsi yaşanıb.

İtaliyada fəaliyyət göstərən “Mediterranea Saving Humans” qeyri-hökumət təşkilatının sosial media hesabından verdiyi məlumata görə, dünən Liviyadan yola düşən taxta miqrant qayığı Aralıq dənizinin Liviya axtarış-xilasetmə zonasına düşən hissəsində çevrilib. Paylaşımda qeyd olunub ki, hadisə zamanı 70-dən çox insan dənizdə itkin düşüb, 32 nəfər isə xilas edilib.

Avropa dövlətlərinin miqrasiya siyasətinin tənqid olunduğu bəyanatda bu hadisənin sadəcə bədbəxt hadisə deyil, qanuni və təhlükəsiz keçid yollarını açmaqdan imtina edən Avropa hökumətlərinin yürütdüyü siyasətin nəticəsi olduğu vurğulanıb.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, xilas edilən 32 nəfər və dənizdən tapılan 2 miqrantın cəsədi İtaliya Sahil Mühafizəsi tərəfindən Lampeduza adasına aparılıb. Sağ qalan miqrantlar qayıqda ümumilikdə 110 nəfərin olduğunu bildiriblər.

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) statistikasına əsasən, bu ilin əvvəlindən aprelin 1-nə qədər Mərkəzi Aralıq dənizində 683 qeyri-qanuni miqrant itkin düşüb. İtaliya Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə isə, ilin əvvəlindən aprelin 3-nə qədər ölkəyə dəniz yolu ilə 6 min 175 miqrant daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (9 min 399 nəfər) azalma deməkdir.

Mərkəzi Aralıq dənizi marşrutu hələ də Avropaya can atan miqrantlar üçün ən təhlükəli zonalardan biri hesab olunur. Hər il əlverişsiz hava şəraiti, qayığın tutumundan artıq yüklənməsi, susuzluq və ya texniki nasazlıqlar səbəbindən çox sayda insan bu yolda həyatını itirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu