Rus hakerlər Yunanıstan Baş Qərargahının hesablarını ələ keçiriblər
Rusiya ilə əlaqəli hakerlərin Yunanıstanın ən yüksək hərbi qurumu olan Baş Qərargahın (HNDGS) 27 elektron poçt hesabına sızdığı məlum olub.
AFN.az xəbər verir ki, Reuters tərəfindən araşdırılan məlumatlara görə, sındırılan hesablar arasında Yunanıstanın Hindistan və Bosniya-Herseqovinadakı hərbi attaşelikləri də var. Britaniyalı və amerikalı kibertəhlükəsizlik ekspertlərindən ibarət "Ctrl-Alt-Intel" birliyi hakerlərin oğurlanmış məlumatları səhvən internetdə açıq qoyması nəticəsində bu sızıntını aşkar edib.
Tədqiqatçılar hakerlərin böyük bir əməliyyat xətasına yol verərək "ön qapını ardına qədər açıq qoyduqlarını" bildiriblər. Hücumun arxasında Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olduğu bilinən "Fancy Bear" adlı kiber casusluq qrupunun dayandığı ehtimal edilir, lakin Moskva kiberhücum iddialarını rədd edir.
Sızdırılan məlumatlar Rusiyanın casusluq fəaliyyətinin təkcə Yunanıstanla məhdudlaşmadığını, genişmiqyaslı kampaniya aparıldığını göstərir. Belə ki, son bir neçə ay ərzində Ukrayna və Rusiyada korrupsiya ilə mübarizə aparan 170-dən çox prokuror və müstəntiqin hesabı ələ keçirilib.
Eyni zamanda Rumıniya Hərbi Hava Qüvvələrinə aid ən azı 67 elektron poçt hesabı, o cümlədən NATO hava bazaları və yüksək rütbəli hərbi rəsmilərin hesabları haker hücumuna məruz qalıb. Bolqarıstanda isə Filibe bölgəsindəki yerli rəsmi şəxslərin hesablarına sızıldığı qeyd olunur.
