Hörmüz böhranı Aİ-nin fosil yanacaq xərclərini 90 milyard avro artırıb
Hörmüz boğazındakı böhran Avropa İttifaqının idxal etdiyi fosil yanacaqlara çəkdiyi xərcləri kəskin artırıb.
AFN.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin plenar iclasında keçirilən illik “İttifaqın vəziyyəti” çıxışında Avropanın enerjidən asılılığı barədə danışıb.
Fon der Leyen bildirib ki, enerji qiymətləri struktur olaraq yüksək olaraq qalarsa, Avropa sənaye gücü kimi mövqeyini qoruyub saxlaya bilməz.
O qeyd edib ki, Rusiyanın təbii qaz tədarükünü dayandırmasından sonra Aİ enerji təchizatçılarını şaxələndirib, həmçinin bərpa olunan və nüvə enerjisinə investisiyalar yatırıb.
Fon der Leyen Hörmüz Boğazının bağlanmasının Avropanın idxal olunan fosil yanacaqlardan asılılığının yaratdığı maliyyə yükünü bir daha ortaya çıxardığını bildirib.
“Hörmüz Boğazındakı münaqişənin başlamasından bu yana idxal olunan fosil yanacaqlar bizə 90 milyard avro əlavə xərc yaradıb. Üstəlik, bunun müqabilində bir molekul belə əlavə enerji əldə etməmişik”, – deyə Fon der Leyen vurğulayıb.
O, Avropanın öz təmiz enerji mənbələrinə investisiyaları sürətləndirməsinin vacibliyini qeyd edib.
Fon der Leyen bildirib ki, bərpa olunan enerji, nüvə enerjisi və biomethan kimi müxtəlif mənbələr texnoloji neytrallıq prinsipi əsasında dəstəklənməlidir. Onun sözlərinə görə, bu mənbələr Avropanın enerji müstəqilliyini artıracaq və qiymətlərin aşağı düşməsinə kömək edəcək.
Enerji müstəqilliyini təmin etmək üçün Avropanın daha çox elektrik enerjisindən istifadə etməli olduğunu deyən Fon der Leyen ümumi enerji istehlakında elektrikin payını 2040-cı ilə qədər iki dəfə artırmağı hədəflədiklərini açıqlayıb.
Onun sözlərinə görə, bu hədəfə nail olunacağı təqdirdə Avropanın illik fosil yanacaq idxalı üzrə xərcləri 260 milyard avro azala bilər.
Fon der Leyen ötən il Avropada 80 giqavatdan çox bərpa olunan enerji gücünün yaradıldığını bildirib. O, bunun altı dəfə çox gücündə olan kapasitenin isə hələ də elektrik şəbəkəsinə qoşulmağı gözlədiyini diqqətə çatdırıb.
Avropa Komissiyasının Prezidenti elektrik şəbəkələrinə investisiyaların sürətləndirilməsinin, qoşulma proseslərinin tezləşdirilməsinin və enerji saxlama imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Avropanın gələcəyinin elektrikləşmədən keçdiyini bildirib.

