Prezident artıq daxil olan vergilər haqda qərar verdi: Hara xərclənəcək?




Prezident İlham Əliyev "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nı təsdiq edib.

Qaydalar şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılmasına və istifadəsinə dair məsələləri tənzimləyir.

Qaydalara görə, şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsait bu qaydada nəzərdə tutulan hissəsi yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilir.

Qaydalar aşağıdakı daxilolmalara şamil edilmir:

- neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar) üzrə daxilolmalara;

- "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalara;

- dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri) üzrə daxilolmalara;

- bu Qaydanın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulan vergi ödəyiciləri ilə yanaşı, mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri üzrə daxilolmalara.

Maliyyə Nazirliyi respublikanın şəhər və rayonları üzrə cari büdcə ili üçün müəyyən olunmuş proqnozun bu Qaydanın 2.2.1 – 2.2.4-cü yarımbəndlərində qeyd olunan vergi ödəyicilərinə aid hissəsini müəyyən edir, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanvar ayının 20-dək əvvəlki büdcə ilində həmin vergi ödəyicilərindən daxilolmalar barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

Həmçinin Maliyyə Nazirliyi cari büdcə ilində yanvar ayının 25-dək əvvəlki büdcə ilinin nəticələrinə əsasən, bu Qaydanın 2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, şəhər və rayonlar üzrə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan hissəsinin 50 faizinin məbləğini müəyyən edir və onun istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərir.

Yerli icra hakimiyyəti orqanları bu Qaydanın 2.4-cü bəndinə əsasən, cari büdcə ilində fevral ayının 1-dək gəlir və xərclər smetasının layihəsini və həmin smeta layihəsinə dair izahat məlumatlarını Maliyyə Nazirliyinə təqdim edir.

Maliyyə Nazirliyi cari büdcə ilində fevral ayının 10-dək protokolla rəsmiləşdirilmiş yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir.

Yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər smetasının bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələri isə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilir.

Büdcədənkənar gəlirlərin istifadəsi aşağıdakı məqsədlərə yönəldilir:

- vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;

- vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə;

- vəsaitin 50 faizi aşağıdakı məqsədlərə yönəldilir:

- mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə;

- şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu