ABŞ-da zorakılığa məruz qalan Corc Floydun ölüm səbəbi məlum oldu
Afroamerikalı Corc Floyd Minneapolis (Minnesota ştatı) şəhərində polis tərəfindən tutulma vaxtı kardiopulmonar şok (ürəyin və nəfəsalmanın dayanması) nəticəsində ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Xennepin (Minnesota ştatı) dairəsinin Məhkəmə Tibbi Ekspertizası Bürosunun saytında dərc edilmiş hesabatda deyilir.
Qeyd edilir ki, Floydun orqanizmində sintetik fentanil intoksikasiya izləri və narkotik maddə metamfetamindən istifadə aşkar edilib.
Məhkəmə tibb ekspertləri hesab edirlər ki, 46 yaşlı afroamerikalı öldürülüb. Onun ölüm səbəbi asayiş keşikçisi tərəfindən "boyun nahiyəsinə təzyiqlə ağırlaşdırılmış kardiopulmonar şok" adlandırılıb.
Hesabatın müəllifləri həmçinin Floydda arteril sklerotik xəstəliyi və hipertenziv ürək xəstəliyini, həmçinin bu yaxınlarda metamfetaminin istifadəsi ilə fentanil intoksikasiyasının izlərini aşkar ediblər. Məhkəmə tibbi ekspertləri dəqiqləşdiriblər ki, Floydun ölümünün zorakı xarakteri haqqında nəticə qısa neytral fikirdir, hansı ki, kiminsə təqsqirini və ya hərəkətlərinin qəsdən edilməsini əks etdirmir.
Floydun ailəsini himayəyə götürülmüş müstəqil mütəxəssislər müəyyənləşdiriblər ki, afroamerikalı boğulma səbəbindən ölüb. Bu barədə isə Floydun ailəsinin vəkili Bencamin Kramp keçirdiyi mətbuat konfransında bildirib.
Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.
Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.
Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.
Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.