Napoleonun ikibuynuzlu papağı 1,9 milyon avroya satılıb
Fransanın keçmiş imperatoru Napoleon Bonapartın papağı hərracda 1,9 milyon avroya satılıb.
Fransanın paytaxtı Parisdəki Osenat Hərrac Evində keçirilən hərracda Bonapartın 19-cu əsrdə Fransa İmperiyasını idarə etdiyi dövrə aid ikibuynuzlu papaq 1,9 milyon avroya satılıb.
Papağı alan şəxsin kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb.
Hərracçı Jean Pierre Osenat açıqlamasında deyib: “İnsanlar bu papağı hər yerdə tanıdılar. Napoleonu döyüş meydanlarında görəndə onun orada olduğunu bilirdilər. Şəxsi həyatında papağı ya başında, ya da əlində gəzdirər, bəzən də yerə atardı. Bu, imperatorun simvolu, obrazı idi".
Napoleonun həyatı boyu təxminən 120 ikibuynuzlu papağa sahib olduğu təxmin edilir və onlardan yalnız 20-si bu gün qalır, əksəriyyəti şəxsi kolleksiyalardadır.
Napoleonun papağı hərracdan əvvəl 600 min avro ilə 800 min avro arasında qiymətləndirilib.
İkibuynuzlu papaq keçən il ölən bir sənayeçinin bir araya gətirdiyi Napoleonun əşyaları ilə birlikdə satışa çıxarılıb. Digər əşyalar arasında Napoleonun 1815-ci ildə Vaterloda məğlubiyyətindən sonra karetindən qarət edilmiş gümüş boşqab və içərisində ülgüc, gümüş diş fırçası, qayçı və digər əşyalar olan taxta makiyaj qutusu var idi.