Baydenin müşaviri İsrailə gedir
ABŞ prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn Beyrutda HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsindən sonra Hizbullahla artan gərginliyi azaltmaq üçün İsrailə gedəcəyi bildirilib.
“The Times of Israel” qəzetinin məlumatına görə, adının çəkilməsini istəməyən yüksək rütbəli ABŞ rəsmisi Vaşinqton administrasiyasının İsraillə Hizbullah arasındakı gərginliyi azaltmaq üçün diplomatik səylərini artırdığını qeyd edib.
Rəsmi, Baydenin baş müşaviri Hokşteynin Beyrutda Həmas liderinin öldürülməsindən sonra Hizbullah ilə İsrail arasında artan gərginliyi azaltmaq üçün sabah İsrailə gedəcəyini bildirib.
İsrail rəsmilərinin Hizbullahı sərhəddən çıxarmaq üçün diplomatik razılaşma olmadan sərhəd bölgələrində yaşayan və qarşıdurmalardan sonra təxliyyə edilən sakinlərin evlərinə qayıda bilməyəcəklərini Hokşteynə bildirməyi planlaşdırdıqları bildirilib.
Qeyd edək ki, Hokşteyn 2022-ci ildə Livan və İsrail arasında imzalanan dəniz sərhədi sazişi ilə bağlı danışıqlarda fəal rol oynayıb.