Bu gün Naxçıvanda media rəqabəti yaşanır - Emin Tarverdiyev


Mən Naxçıvanı sevirəm, həm də çox. Bunun isbatına ehtiyac yoxdur, çünki məni tanıyanlar bunu yaxşı bilirlər.


AFN.az xəbər verir ki, bunu "Vətən Bağı" Sosial Təşəbbülər İctimai Birliyinin sədri Emin Tarverdiyev deyib. O qeyd edib ki, Naxçıvanla mütəmadi əlaqəsi var: "İstər sosial şəbəkələr, istər dost-tanış, istərsə də valideynlərim vasitəsilə orada olub-bitənləri bilirəm. Keçmişi qurdalamaqla işim yoxdu. Amma son 15 ayda Naxçıvanda mediaya yaradılan şərait həqiqətən də oxucu və tamaşaçıya ləzzət edir. İşinin peşəkarı Sara Əzimovanın "Şərq qapısı"na rəhbər gətirilməsi, Naxçıvan Televiziyasının Bakı bürosunun yaradılması, "Baku TV", "Report" və APA kimi agentliklərin bölgədə fəaliyyəti təqdirəlayiqdir. Bu dəfə 26 fevralda Naxçıvan mediası daha bir ilkə imza atdı. "Xocalı soyqırımı" günü "Şərq qapısı" və Naxçıvan Televiziyasının əməkdaşlarının qan yaddımıza səfəri də bu qəbildəndir. Məncə bu dəfə Naxçıvan oxucusu və tamaşaçısı birbaşa bu soyqırıma daha yaxın oldular.
Yuxarıda "Baku TV", "Report" və APA-nın bölgədə fəaliyyəti barədə də qeyd etmişdim. Bəli, bu gün Naxçıvanda media rəqabəti yaşanır. Bu səbəbdəndir oxucu və tamaşaçı daha fərqli materiallarla tanış olur, qulaq və gözləri "pasdan" təmizlənir. Onlar həm də bu rəqabətdə Naxçıvanı kəşf edirlər.
Bu yaxınlarda Naxçıvanda Fuad Nəcəfli və media nümayəndələri arasında keçirilən qeyri-rəsmi görüş də bu işlərə təkan vermiş oldu.
O gün Naxçıvan Televiziyasının Bakı bürosunun redaktoru Rahim Mirzəcanın müsahibəsinə baxdım. Açığı, bu qədərini gözləmirdim. Rahim qeyd edir: "Bütün texniki avadanlıqlar və hətta nəqliyyat vasitəsilə təmin olunmuşuq". Bəli, bu artıq yenilik, açılım və zirvədir. "Şərq qapısı" qəzetinin elektron variantını hər gün dəfələrlə oxuyuram. Son dönəmlərin dəyişikliyi, fərqli yazıları göz önündədi".
E.Tarverdiyev qeyd edib ki, əldə etdiyi məlumata görə yaxın günlərdə Naxçıvan Televiziyası bütün respublikada yayımlanacaq: "Bu isə televiziya əməkdaşlarının çiyninə əlavə yük və məsuliyyət qoymaqla yanaşı, həm də onları daha yüksək zirvələri fəth etməyə sövq edəcək. Bir daha Naxçıvan üçün fərq yaradan bütün media camiəsinə təbrik edirəm. Rəqabətə davam".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu