Əfqanıstanda baş verən hücumda 3 ispan turist qətlə yetirilib


Əfqanıstanın Bamyan şəhərində baş verən hücumda 3 ispan turist həlak olub.



Rəsmi mənbələrdən verilən məlumata görə, Əfqanıstanın mərkəzi hissəsində yerləşən və eyniadlı Bamyan vilayətinin mərkəzi Bamyan şəhərində baş verən hücumda 3 ispan turist həyatını itirib, 3 Əfqanıstan vətəndaşı və turist isə yaralanıb.

Taliban rejiminin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani açıqlamasında "Təəssüf ki, bu gün günorta saatlarında Bamyan şəhərində xalqa qarşı silahlı hücum təşkil edilib və 3 əcnəbi həlak olub" deyib.

Əfqanıstan hökuməti bu hücumu qətiyyətlə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib. O, həmçinin bütün günahkarların tapılacağına və cəzalandırılacağına əmin edib.

Hadisə ilə bağlı indiyədək 4 nəfərin həbs edildiyi bildirilir.

İspaniyanın baş naziri Pedro Sançes bəyan edib ki, konsulluq təcili yardım xidmətləri Əfqanıstandakı insidentdən zərər çəkmiş ispanlara lazımi yardımı göstərəcək.

Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Beynəlxalq qoşunların Əfqanıstandan çıxarılmasından sonra Talibanın əsas rəqibi olan İslam Dövləti Cihadçı qruplaşması 2021-ci ilin avqustundan bu yana ölkədə həyata keçirilən hücumların demək olar ki, hamısına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Taliban silahlı təşkilatın təhlükəsizlik problemi yaratdığını qəbul etməsə də, terror təşkilatının Əfqanıstan qolu olan Xorasan İslam Dövlətini əsas təhlükə olaraq görür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu