Fransa Yeni Kaledoniyada güc tətbiq edərək yerli əhalini sıxışdırmağa davam edir


Fransa Yeni Kaledoniyada yerli xalqın seçkilərdə təsirini azaldacaq qaydalara cavab olaraq başlatdığı etirazları daha çox güc tətbiq etməklə yatırtmağa çalışır. Lakin xüsusilə də paytaxt Noumeada vəziyyəti ələ ala bilməyib.


Milli mətbuatda yer alan xəbərlərə görə, Fransa təhlükəsizlik qüvvələri ölkədən 17 min kilometr uzaqlıqdakı Yeni Kaledoniyada təxminən bir həftədir davam edən şiddəti yatırtmağa çalışır.

Fransa Daxili İşlər Nazirliyi keçən həftə adaya sövq edilən təxminən 2700 polis və jandarma ilə genişmiqyaslı əməliyyatlar həyata keçirərək yerli xalqın müstəqillik tələblərini boğmağı hədəfləyir.

Yerli səlahiyyətlilər adanın əvvəlki günlərə nisbətən daha sakit bir gecə keçirdiyini bildirərkən, paytaxt Noumeanın Ducos bölgəsində yanğın və qarət hadisələri davam edir, paytaxtın Dumbea bölgəsində isə yolları barrikada etmək cəhdləri sürür.

Fransa Ali Komissiyası bu gündən etibarən adada 240 nəfərin saxlanıldığını və Fransa hökumətinin göstərişi ilə adalara və Noumea ilə La Tontouta hava limanını birləşdirən yollara tam nəzarəti təmin etmək üçün əməliyyat keçirildiyini açıqlayıb.

Həmçinin bildirilib ki, fövqəladə vəziyyət dövründə adada spirtli içki satışı, silah daşınması və toplantılara qoyulan qadağa, həmçinin saat 18.00-06.00 arası komendant saatı davam edəcək.

Digər tərəfdən, müstəqillik tərəfdarlarının mərkəzinə çevrilən paytaxt Noumeadakı zorakılıqlar səbəbilə Yeni Kaledoniya Universitetinin şəhərciklərinin növbəti xəbərdarlığa qədər bağlı qalacağı açıqlanıb.

Yeni Kaledoniyada xidmət göstərən beynəlxalq hava yolu şirkəti "Aircalin" də hava limanının mayın 23-dək bağlı qalacağını açıqlayıb.

Fransa Daxili İşlər Nazirliyi mühafizəçilər də daxil olmaqla, onlarla yaralının olduğu barədə məlumat paylaşıb. Adada silahlanma və silah dövriyyəsinə qarşı yüksək hazırlıq vəziyyətinin olduğu bildirilir.

Yeni Kaledoniyanın yerli əhalisi olan kanaklar adanın 300 minlik əhalisinin təxminən 40 faizini təşkil edir.

Fransa hökuməti konstitusiya dəyişikliyi layihəsi ilə adada 25 mindən çox fransız seçicinin seçkilərdə səs verməsinin yolunu açmaq istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu