İngiltərə Ali Məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına etiraz hüququnu tanıyıb


İngiltərə Ali Məhkəməsi WikiLeaks-in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyası ilə bağlı şikayət edə biləcəyinə dair qərar verib.


Bu gün Ali Məhkəmədə baxılan işdə ABŞ-ın Böyük Britaniyaya Assancla bağlı verdiyi "onun edam edilməyəcəyi və bərabər şəkildə mühakimə ediləcəyi" vədləri müzakirə edilib.

Mart ayında sözügedən təminatların bir ay ərzində veriləcəyi təqdirdə ABŞ-a ekstradisiya işinə baxacağını açıqlayan Ali Məhkəmə Assancın təminatları nəzərə alaraq ekstradisiya tələbini apellyasiya məhkəməsinə apara biləcəyinə dair qərar verib.

Vəkillər iddia edirdilər ki, Avstraliya vətəndaşı olan Assanca ABŞ vətəndaşları ilə bərabər rəftar edilə bilməz.

Assancın edam olunmayacağına dair verilən zəmanətə gəlincə, vəkillər bu zəmanətin siyasətçilər tərəfindən verildiyini və təminat vermək səlahiyyətinin ABŞ məhkəmə sistemində olduğunu bildiriblər.

Culian Assanc tərəfindən təsis edilən WikiLeaks 2010-cu il oktyabrın 28-də ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən 251 min məxfi sənədi dərc edib.

Assanc 2012-ci ilin iyununda sığındığı Ekvadorun Londondakı səfirliyindən 2019-cu il aprelin 11-də nəzarətə götürülüb və "zaminlik müqabilində azad edilmə şərtlərini pozduğuna" görə həbs edilərək Londondakı Belmarş həbsxanasına aparılıb.

Məhkəmə 50 həftəlik həbs cəzası alan Assancın ekstradisiya tələbi çərçivəsində cəzasını başa vurduqdan sonra həbsdə qalmasına qərar verib.

Ali Məhkəmə 2021-ci il dekabrın 10-da Assancın ABŞ-a ekstradisiyasına qərar verib.

Vestminster Magistrates Məhkəməsi 20 aprel 2022-ci ildə ekstradisiya qərarı verdikdən sonra o vaxtkı daxili işlər naziri Priti Patel 17 iyun 2022-ci ildə Assancın ABŞ-a ekstradisiyasına dair qərarı imzalayıb.

Assancın vəkilləri də qərarla bağlı Ali Məhkəməyə müraciət ediblər.

Fevralın 20-21-də Ali Məhkəmədə Culian Assancın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr keçirilib və qərarın daha sonra veriləcəyi bildirilib.

Martın 26-da məhkəmə ABŞ tərəfindən müəyyən təminatlar verilmədiyi təqdirdə Assancın ABŞ-a ekstradisiya edilməyəcəyinə qərar verib.

ABŞ-dan Assancın edam cəzasına məhkum olunmayacağı və ədalətli mühakimə olunacağı kimi təminatlar istənilib, əks halda onun həbsinin ləğvi üçün müraciət edə biləcəyi bildirilib.

Ali Məhkəmə zəmanətlər verildikdən sonra onların qənaətbəxş olub-olmamasına qərar verəcəyini açıqlamışdı.

ABŞ aprel ayında tələb olunan təminatları verəcəyini açıqlasa da, Stella Assanc həyat yoldaşının ABŞ vətəndaşı olmadığı üçün bəzi hüquqlara malik olmayacağını bildirib.

Assancın vəkilləri və tərəfdarları onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə 175 ilə qədər həbs cəzası ala biləcəyini bildirsələr də, ABŞ tərəfi həbs cəzasının 4 ildən 6 ilə qədər ola biləcəyini iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu