UNICEF: Sudan dünyada uşaqlar üçün ən pis yerlərdən biridir


Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel Sudanın uşaqlar üçün dünyanın ən pis yerlərindən biri olduğunu söyləyib.



Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Sudana səfərindən əvvəl BBC-yə danışıb.

Sudanda milyonlarla uşağın qida çatışmazlığı ilə üzləşdiyini və məktəbə gedə bilmədiyini ifadə edən Rassel, Sudanın 5 milyon uşaqla dünyada ən çox köçkün olduğu ölkə olduğunu bildirib.

Rassel Sudanın qida iqtisadiyyatının sütunlarının çökdüyünü və hər iki döyüşən tərəfin çox ehtiyac duyulan yardımın paylanmasını məhdudlaşdırdığını qeyd edib:

"9 milyon insan müntəzəm olaraq kifayət qədər qida almır və təxminən 4 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşir. Hərəkət üçün vaxt çoxdan gecikib. Biz indi hərəkətə keçməliyik, yoxsa vəziyyət daha da pisləşəcək. Aclıq çəkən körpələr və uşaqlar hazırda çox pis qidalanırlar. Sonra çox gec olacaq".

Ketrin Rassel ölkədəki amansız vətəndaş müharibəsi səbəbiylə sudanlı uşaqların çox əziyyət çəkdiyini vurğulayaraq, Sudanın uşaqlar üçün dünyanın ən pis yerlərindən biri olduğunu bildirib.

Uşaqların təhsilindən danışan Rassel, "Uşaqlar məktəbə gedə bilmədiklərinə görə gələcəkdə qeyri-sabitliyə səbəb ola biləcək itirilmiş nəsil olmaq təhlükəsi ilə üzləşirlər. Onları siniflərə qaytarmaq da çətindir və bunu etməsək nə olacaq?" vurğulayıb.

Rassel Sudana getməkdə məqsədin oradakı vəziyyətə diqqət çəkmək olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu