Fransanın koloniyası olan Yeni Kaledoniyada hökumət süqut etdi

Fransanın Hind-Sakit Okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyada Kaledoniya Birlikdə Partiyasının kabinetdən çıxmasından sonra hökumət süqut edib.
Fransa mətbuatında çıxan xəbərlərə görə, müstəqillik əleyhinə olan Kaledoniya Birlikdə Partiyası Yeni Kaledoniya prezidenti Lui Mapuya məktub göndərərək hökumətdən istefa verdiyini bildirib.
Məktubda Yeni Kaledoniyanın mayın 13-dən etibarən dərin sosial-iqtisadi böhrana sürükləndiyi və 3 ildir hakimiyyətdə olan Mapu hökumətinin kabineti adanın digər qurumlarından müstəqil fəaliyyət göstərən bir struktura çevirdiyi irəli sürülüb.
Fransa prezidenti Emmanuel Makronun İntibah Partiyasına bağlı olan Kaledoniya Birlikdə Partiyasının adadakı kabinetdən istefa verməsi ilə Mapunun başçılıq etdiyi hökumət çöküb.
Yeni hökumət qurulana qədər müstəqillik tərəfdarı Mapu adada gündəlik işlərlə məşğul olmağa davam edəcək.
Qeyd edək ki, Yeni Kaledoniyada Konqres üzvləri səsvermə yolu ilə hökuməti müəyyənləşdirirlər.
Müstəqillik tərəfdarı olan Mapu 2021-ci ilin iyulunda Yeni Kaledoniyada hökumət başçısı seçilib.