Aşpazlıq, ofisiant və turizm sektoruna yönəlik təlimlər təşkil ediləcək

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) ilə Turan Qastro Turizm Akademiyası (TQTA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Assosiasiya sədri Emin Dostiyari ilə Akademiyanın baş icraçı direktoru Doğan Tomris arasında imzalanan niyyət məktubu ilə üzvlərin sahə təlimləri mövzusunda dəstəklənməsi və xidmət sektorunda təhsilli kadrların inkişafı hədəflənir.
Emin Dostiyari memorandum çərçivəsində "Made in Azerbaijan" brendlərinin inkişafı üçün pilot tətbiq başladaraq üzvlərin franşiza verməsi üçün sistemin qurulacağını deyib. Doğan Tomris isə TİKA-nın dəstəyi ilə qurulan akademiya vasitəsilə xidmət sektoruna dəstək olaraq aşpazlıq, ofisiant və turizm sektoruna yönəlik təlimlər təşkil edəcəklərini bildirib.
Bu əməkdaşlıq çərçivəsində Turan Qastro Turizm Akademiyası pulsuz təlim proqramları həyata keçirəcək.
Təlimlər dünya çempionu şef Fırat Dursun və Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, tanınmış turizm mütəxəssisi Ruslan Quliyevin rəhbərliyi altında reallaşdırılacaq. Turizm sahəsində uzun illərin təcrübəsinə malik Ruslan Quliyev turizm və qonaqpərvərlik modullarına liderlik edəcək.
Assosiasiya sədri AFN.az-a açıqlamasında bildirib ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün ən vacib amillərdən biri professional kadrların hazırlanmasıdır: "Xüsusilə termal turizm və sağlamlıq turizmi sahəsində böyük potensialımız var. Açıq qapı günlərimizlə gənclərə bu perspektivli sahədə karyera qurmaq üçün ilk addımı atmağa kömək etmək istəyirik. Eyni zamanda beynəlxalq standartlarda təlim və təhsil verməklə, ölkəmizin turizm sektorunun rəqabət qabiliyyətini artırmağı hədəfləyirik".
Bir çox beynəlxalq kulinariya yarışmalarının qalibi və qlobal miqyasda tanınmış bir qida innovatoru olan Fırat Dursun da təlimlərdə Azərbaycan gənclərinə öz təcrübəsini bölüşəcək.
Fəxriyyə ABDULLAYEVA