Zelenski: Ukraynaya pulsuz yardım azalır, silahları pulla alırıq

Qərbdən Ukraynaya pulsuz hərbi yardım azalır, Kiyev öz pulu ilə getdikcə daha çox silah almalı olur.
AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti təkcə hava hücumundan müdafiə sistemləri deyil, həm də artilleriya mərmiləri və digər silahların alınması üçün vəsait axtarır: "Buna görə də maliyyə lazımdır, çünki biz ödənişli variantları tapmağa başlamışıq. Sizin büdcəniz başqadır və siz başqa şeylər planlaşdırırsınız. Sonra başa düşürsünüz ki, pulsuz yardım azalır, amma müharibə iştahı azalmır. Buna görə də müvafiq silahların və ya mərmilərin sayını artırmaq lazımdır. Onları tapmaq, onların mövcud olması vacibdir. Onlar bazardadır, biz onları pulla ala bilərik, almalıyıq".
Zelenski Ukraynanın əlavə Patriot sistemlərinin alınması ilə bağlı “bəzi qərarlara” yaxınlaşdığını da bildirib, lakin təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, apreldə Zelenski Ukraynanın 10 Patriot hava hücumundan müdafiə sistemi üçün ABŞ-a 15 milyard dollar ödəməyə hazır olduğunu bildirsə də, Vaşinqton bu sistemləri satmağa razılaşmayıb.