Çin 60 min xəritəni müsadirə etdi
Çinin şərqindəki Şandunq əyalətində gömrük orqanları Tayvanın səhv işarələnməsi səbəbi ilə 60 min xəritəni müsadirə edib. Rəsmi açıqlamaya görə, xəritələrdə həmçinin Cənubi Çin dənizindəki əsas adalar da göstərilməyib.
Çin gömrüyü bildirib ki, bu xəritələrin satışı ölkənin milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə zərər verə bilər və buna görə qadağan edilib.
Açıqlamada qeyd olunub ki, xəritələrdə Pekinin bölgədəki iddialarını göstərən doqquz xəttli (nine-dash line) göstərişi yoxdur. Bu xətt Cənubi Çin dənizindəki ərazi iddialarını ifadə edir və Filippin, Vyetnam kimi qonşu ölkələrlə gərginliyə səbəb olur.
Rəsmi şəxslər həmçinin xəritələrdə Çin ilə Yaponiya arasındakı dəniz sərhədinin də qeyd olunmadığını bildiriblər. Çin hökuməti Tayvanı ölkənin bir hissəsi sayır və lazım gələrsə adanı hərbi yolla nəzarət altına ala biləcəyini bildirir. Tayvan isə öz konstitusiyası və demokratik institutları ilə Çindən ayrı siyasi varlıq olduğunu vurğulayır.
Cənubi Çin dənizindəki gərginliklər həftə sonu Çin və Filippin gəmilərinin toqquşması ilə yenidən yüksəlib. Manila hökuməti iddia edir ki, Çin gəmisi Filippin gəmisinə qəsdən çırpılıb və təzyiqli su ilə müdaxilə edib. Pekin isə Filippin gəmisinin xəbərdarlığa baxmayaraq təhlükəli şəkildə yaxınlaşdığını bildirir.
Çində əvvəllər də oxşar səbəblərlə çoxsaylı xəritələr toplanıb. Martda Çingdao hava limanında 143 dəniz xəritəsi, avqustda isə Hebei əyalətində Tibet sərhədinin yanlış təsvir edildiyi üçün iki xəritə müsadirə edilib. Rəsmi şəxslər əllərinə keçən bütün xəritələrin məhv ediləcəyini açıqlayıb.
Oxşar müzakirələr kino sektoruna da təsir edib. 2023-cü ildə çıxan "Barbie" filmi Cənubi Çin dənizini Çin iddialarına uyğun göstərdiyi üçün Vyetnamda qadağan olunub, Filippində isə senzura edilib.




