YouTube ləğv etdiyi funksiyanı geri qaytarır
YouTube təxminən altı il əvvəl ləğv etdiyi birbaşa mesajlaşma (DM) funksiyasını geri qaytarmaq üçün yeni bir sınaq prosesi başladığını açıqlayıb. Şirkət bildirir ki, istifadəçilərin platformada mesajlaşma təcrübəsi istəyi ən çox tələb olunan xüsusiyyət olub.
YouTube dəstək səhifəsində yayımlanan məlumatda şirkət funksiyanı hələlik “birbaşa mesajlaşma” adlandırmasa da, istifadəçilərin bəyəndikləri videoları (uzun videolar, Shorts və canlı yayımlar) paylaşaraq eyni tətbiq üzərindən söhbət edə biləcəkləri qeyd edilib.
Yalnız iki ölkədə sınaqdan keçirilir
Yeni mesajlaşma funksiyası hələlik yalnız İrlandiya və Polşa istifadəçiləri üçün aktiv edilib.
Sınaq müddətində 18 yaş və yuxarı istifadəçilər bu yeniliyi sınaqdan keçirə biləcək. YouTube istifadəçilərin rəylərinə əsaslanaraq funksiyanın qlobal olaraq istifadəyə verilib-verilməyəcəyinə daha sonra qərar verəcək.
Ən çox tələb olunan xüsusiyyət
YouTube qeyd edib ki, birbaşa mesajlaşma funksiyası illərdir istifadəçilər tərəfindən ən çox tələb olunan xüsusiyyətdir. Birbaşa mesajlaşma ilk dəfə 2017-ci ildə elan edilmiş, 2018-ci ildə isə veb versiyaya əlavə edilmişdi.
Lakin bir il sonra şirkət istifadə səviyyəsinin aşağı olduğu təxmin edilən bu funksiyanı ləğv edib və Stories kimi digər sosial media formatlarına yönəlib.
YouTube 2023-cü ildə Stories funksiyasını da dayandırmışdı. Şirkət bildirib ki, yeni sınaq prosesi platformada qarşılıqlı əlaqəni artırmağı hədəfləyir.

