“Divara bantlanmış banan” oğurlandı
Fransanın Mets şəhərində yerləşən Pompidu Mərkəzi Muzeyində nümayiş etdirilən və populyar mədəniyyətin ən diqqətçəkən sənət əsərlərindən biri hesab olunan "Divara bantlanmış banan" oğurlanıb.
AFN.az xəbər verir ki, muzeydə sərgilənən əsərdəki bananın yerində olmadığını mühafizəçi aşkar etdikdən sonra məsələ barədə polisə məlumat verilib.
Muzey rəhbərliyinin yaydığı açıqlamada şəxsiyyəti hələlik məlum olmayan şəxs və ya şəxslər barəsində "oğurluq" maddəsi ilə cinayət işinin açılması üçün şikayət edildiyi bildirilib.
Səlahiyyətlilər həmçinin oğurlanan bananın vaxt itirmədən yenisi ilə əvəz olunduğunu da diqqətə çatdırıblar.
İtaliyalı heykəltaraş Mauritsio Kattelanın "Komediya" adlandırdığı və 6,2 milyon dollar dəyərində olan bu əsər "Art Basel"in Mayamidə təşkil etdiyi sənət sərgisində satışa çıxarılmışdı.
Sənətçinin hazırladığı üç nüsxəlik əsərin ilk iki variantı 120 min dollara alıcı tapdığı halda, üçüncü nüsxə üçün 150 min dollar qiymət təyin olunduğu bildirilmişdi.
Qeyd edək ki, Mauritsio Kattelan daha çox satirik heykəlləri və instalyasiya işləri ilə tanınır.
Sənətçinin 18 karatlıq qızıldan hazırladığı unitaz formalı digər məşhur heykəli də 2019-cu ildə İngiltərədə nümayiş etdirildiyi Blenheym sarayından oğurlanmışdı.

