Hindistan 1996-cı ildən Everestdə qalan nəşi endirmək üçün tender elan edib


Hindistan hakimiyyəti, Everest (Comolunqma) zirvəsini fəth etməyə çalışanların yaxşı tanıdığı və "Yaşıl Çəkmələr" (Green Boots) ləqəbi ilə məşhur olan alpinist Dorce Morupun cəsədinin dağdan endirilməsi əməliyyatı üçün tender elan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Hindistan hökumətinin elektron satınalmalar portalında yer alıb.

"Dorce Morupun nəşinin Everestin şimal yamacından təxliyəsi əməliyyatının 2026-cı ilin iyun-sentyabr ayları ərzində həyata keçirilməsi üçün podratçı axtarışı elan edilir", – deyə rəsmi sənəddə qeyd olunub. Hindistan rəhbərliyi, DNT testi vasitəsilə şəxsiyyəti rəsmən təsdiqləndikdən sonra alpinistin nəşini vətəninə qaytarmaq barədə qərar qəbul edib.

Parlaq yaşıl rəngli çəkmələri olan alpinistin cəsədi 1996-cı ilin may ayından bəri Everestdə, təxminən 8500 metr yüksəklikdəki kiçik bir mağarada (əslində əhəngdaşı oyuğunda) qalıb. Həmin vaxt baş verən güclü qar fırtınası nəticəsində Everestdə 8 nəfər həyatını itirmişdi. Təxminən otuz ilə yaxındır ki, bu cəsəd zirvəyə doğru irəliləyən digər alpinistlər üçün əsas oriyentirlərdən biri rolunu oynayırdı.

Qeyd edək ki, D.Morup Hindistan Sərhəd Qoşunlarının (Hindistan-Tibet Sərhəd Polisi - ITBP) hərbi qulluqçusu olub və 1996-cı ilin mayında Everestə təşkil edilən ekspedisiyada iştirak edib. Həlak olan zaman onun 47 yaşı var idi. Uzun illər bu cəsədin onun komanda yoldaşı Sevanq Paljora məxsus olduğu ehtimal edilsə də, son rəsmi sənədlər və DNT analizləri onun məhz Dorce Morup olduğunu üzə çıxarıb. Əməliyyatın yüksək riskli "ölüm zonası"nda (8000 metrdən yuxarı) həyata keçirilməsi üçün ən azı 6 təcrübəli şerpanın cəlb olunması planlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu