Brüsseldə son 4 gündə 4 silahlı hücum baş verib



Belçikanın paytaxtı Brüsseldə son 4 gündə 4 silahlı hücum baş verib.

AFN.az xəbər verir ki, milli mediada yayılan xəbərlərə görə, Brüsselin Sen-Jil rayonunda gecə yerli vaxtla saat 02:40 radələrində silahlı hücum törədilib.

Hadisə nəticəsində yaralanan 1 nəfər xəstəxanaya yerləşdirilib, polis isə 2 şübhəlinin saxlanıldığını açıqlayıb.

Bu hadisə son 4 gündə baş verən 4-cü silahlı hücum olub.

Brüsselin Anderlext rayonunda da avqustun 21-i axşam saatlarında polis mərkəzinə uzunlüləli silahla atəş açılmışdı.

Brüsselin Cənub Polis Bölgəsi hücum nəticəsində ölən və ya yaralanan olmadığını, polis mərkəzinin fasadında çoxsaylı güllə izlərinin aşkarlandığını bildirib.

Sen-Jildə avqustun 22-də də silahlı hücum törədilib. Rayonun meri Jan Spinett bir nəfərin ayağından yaralandığını, onun həyatının təhlükədə olmadığını açıqlayıb.

Spinett hücumun narkotik ticarəti ilə əlaqəli ola biləcəyini, hadisənin tam aydınlaşdırılması üçün araşdırmanın davam etdiyini bildirib.

Rayonda dünən səhər yerli vaxtla saat 07:00 radələrində də atəş açılıb, güllə yaşayış evlərindən birinin pəncərəsinə dəyib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Avropa İttifaqı (Aİ) qurumlarına ev sahibliyi edən Brüssel son illərdə narkotik qaçaqmalçılığı və dəstələrarası hesablaşmalar səbəbindən artan təhlükəsizlik problemləri ilə gündəmə gəlir.

Avropanın ən böyük giriş qapılarından biri olan Antverpen limanı Latın Amerikasından Avropaya göndərilən kokain daşımalarının əsas mərkəzləri arasında yer alır. Rəsmilərin sözlərinə görə, ölkəyə daxil olan narkotikin əhəmiyyətli hissəsi Brüssel və ətrafındakı paylama şəbəkələri vasitəsilə bazara çıxarılır.

Paytaxtda fəaliyyət göstərən cinayətkar qruplar arasında baş verən ölümcül hesablaşmalar son dövrdə təhlükəsizlik qüvvələrinin ən mühüm gündəm məsələlərindən birinə çevrilib.

Belçika polisi 2025-ci ildə Brüsseldə əksəriyyəti narkotik ticarəti ilə əlaqəli olan 96 silahlı hücum qeydə alıb. Ardıcıl baş verən və uzun müddət gündəmdə qalan bu hadisələrdə 8 nəfər həyatını itirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu