Almaniyada süni intellekt 15 ildə 800 min iş yerini dəyişdirəcək



Almaniyada süni intellektin tətbiqi qarşıdakı 15 il ərzində əmək bazarında böyük dəyişikliklərə səbəb olacaq. 

AFN.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyinin (BA) rəhbəri Andrea Nahles süni intellekt səbəbindən ölkədə təxminən 800 min iş yerinin itiriləcəyini, lakin eyni sayda yeni iş yerinin yaradılacağını bildirib.

Nahles Almaniyanın “Handelsblatt” iqtisadi qəzetinə müsahibəsində süni intellektin ölkənin əmək bazarında yaradacağı genişmiqyaslı dəyişiklikləri və ixtisaslı işçi qüvvəsi çatışmazlığını qiymətləndirib.

Süni intellektin məşğulluğu aradan qaldırmaqdan daha çox onu dəyişdirəcəyini bildirən Nahles qarşıdakı 15 il ərzində Almaniyada süni intellekt səbəbindən təxminən 800 min iş yerinin ləğv ediləcəyini, bununla yanaşı, oxşar sayda yeni iş yerinin yaradılacağını proqnozlaşdırdıqlarını deyib. Onun sözlərinə görə, şirkətlərə xidmət göstərən müəssisələr, eləcə də sığorta və bank sektorunda analitik vəzifələr bu prosesdən daha ciddi təsirlənəcək. Nahles Almaniyada süni intellektə daha çox investisiya yatırılmasını istədiyini, lakin bunun sadəcə dəbdə olduğu üçün deyil, yalnız məhsuldarlığı artırdığı halda həyata keçirilməli olduğunu vurğulayıb.

Nahles iş yerlərinin itirilməsinin yalnız yüksək ixtisaslı işçilərə təsir etməyəcəyinə diqqət çəkərək, iqtisadi durğunluğun da təsiri ilə gənc məzunların işə düzəlmək üçün daha uzun müddət gözlədiklərini bildirib.

Onun sözlərinə görə, əl əməyinə əsaslanan sənətkarlıq sahələri və nisbətən aşağı ixtisas tələb edən işlər süni intellektə qarşı daha dayanıqlıdır. Bununla belə, Nahles əsas qaydanın dəyişmədiyini və artıq heç kimin bu transformasiyadan kənarda qalmadığını qeyd edib.

Məşğulluq Araşdırmaları İnstitutunun (IAB) məlumatlarına əsasən, Almaniyada hər dörd şirkətdən biri süni intellektdən istifadə edir. Nahles qurumun rəqəmsal təlim proqramları vasitəsilə şirkətlərə bu dəyişikliklərə uyğunlaşmaqda dəstək verdiyini bildirib.

Nahles gənc nəslin pisləşən məşğulluq perspektivlərinə də toxunub. O, bu il şagirdlik və peşə təhsili üzrə yerlərin sayının 6 faiz azalaraq təxminən 31 minə düşdüyünü, müraciət edənlərin sayının isə artdığını vurğulayıb.

İqtisadi proqnozlardakı müsbət gözləntilərin əmək bazarında özünü göstərməsinin vaxt aparacağını bildirən Nahles bazardakı qeyri-müəyyənliyin açıq iş yerlərinə də təsir etdiyini deyib. Onun sözlərinə görə, iqtisadi canlanma ilin əvvəlində sabitlik qazansa belə, bunun əmək bazarına təsir etməsi yarım il çəkə bilər. Bu dəyişikliklərin, ehtimal ki, 2027-ci ilin yayından əvvəl baş verməsi gözlənilmir.

Nahles Almaniyada işsizlərin sayının 2022-ci ildən bəri 580 min nəfər artmasını qısamüddətli dövrdə əsas problem kimi qiymətləndirib. Bununla yanaşı, o, beş il ərzində ölkənin ən böyük probleminin ixtisaslı işçi qüvvəsi çatışmazlığı olacağını bildirib.

Nahles demoqrafik dəyişikliklər səbəbindən Almaniyanın hər il xalis 500 min işçi qüvvəsi itirdiyini və Avropa daxilində miqrasiyanın artıq bu ehtiyacı ödəmək üçün kifayət etmədiyini qeyd edib. O, Avropa İttifaqına üzv olmayan ölkələrdən ixtisaslı işçi qüvvəsinin cəlb edilməsinin zəruri olduğunu vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu