Təhsil naziri: Dövlət sifarişli yerlərin sayı artırılacaq




2019-2020-ci təhsil ili üçün dövlət sifarişli yerlərlə bağlı sənəd Nazirlər Kabinetində təsdiq olunma mərhələsindədir.



AFN xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır: “Yaxud da bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək”.

C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib: “2018-2019-cu tədris ili üçün bu rəqəm 30%-dən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir”.

Nazir onu da deyib ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək. Bildirib ki, Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər bu gün də davam etdirilir: “Bilirik ki, bu proses o qədər sadə deyil. Çünki tələbə kredit sistemi gələcəyə hədəflənməli, bu sahədə işlək sistem qurulmalı, hərtərəfli işlənmiş qanunvericilik bazası yaradılmalıdır. Biz başa düşürük ki, tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Həmin sistem qurulan zaman beynəlxalq təcrübəyə əsaslanılmalıdır. Bu işdə hər zaman dövlətin dəstəyi olmalıdır”.

C.Bayramov qeyd edib ki, tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır: “Ümid edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu