Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar verdi - YENİLƏNİB





Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib.



İclasda qərar elan olunub.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.

Plenum iclasının yekunu olaraq "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.

***

Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr başa çatıb.



Virtualaz.org-un məlumatına görə, məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmənin qərarı elan olunacaq.

* * *

Bir az əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

Sonra F.Abdullayev məruzəçi hakimlərə söz verib.

İclasda sorğuverən tərəfin nümayəndəsi qismində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavabverən tərəfin nümayəndələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak edirlər.

* * *

Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

İclas saat 12:00-da başlayacaq.

İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılacaq.

Xatırladaq ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu