Kolumbiya 300 il əvvəl batan xəzinə ilə dolu gəmini araşdırmağa başlayır


Təxminən 300 il əvvəl Karib dənizində batan və içərisində milyardlarla dollar dəyərində xəzinə olan İspaniyanın "San Xose" hərbi gəmisinin qalıqlarını araşdırmaq üçün Kolumbiyada sualtı ekspedisiyanın ilk mərhələsinin başladığı açıqlanıb.


Kolumbiya Antropologiya və Tarix İnstitutunun (ICANH) verdiyi açıqlamada, Kartagena liman şəhəri yaxınlığındakı San Xose gəmisini araşdırmaq üçün ekspedisiyanın birinci mərhələsində uzaqdan idarə vasitəsi ilə qalıqların fotoşəkillərinin çəkiləcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, araşdırmanın nəticələri sonrakı kəşflərə, o cümlədən batmış gəmidən xəzinənin çıxarılmasına zəmin yarada bilər. Bu səbəbdən də elmi və arxeoloji dəyərini qorumaq məqsədilə gəmi mühafizə olunan arxeoloji ərazi elan edilib.

2015-ci ilin dekabrında o dövrün Kolumbiya hökuməti 18-ci əsrdə Karib dənizində batmış İspaniyanın “San Xose” qalleonunun qalıqlarını Kartaxena sahillərində tapdığını açıqlamışdı.

Ümumi dəyərinin 17 milyard dollara yaxın olduğu təxmin edilən qızıl külçələr, qiymətli daşlar və daş-qaşın olduğu gəmi 8 iyun 1708-ci ildə xəzinəni oğurlamaq istəyən ingilis quldurlarının hücumu nəticəsində batıb.

"San Xose" xəzinələrinin kimə məxsus olması ilə bağlı hələ də çox mübahisələr var.

İspaniya gəminin YUNESKO-nun 2001-ci il konvensiyasına əsasən suveren toxunulmazlığa malik olduğunu iddia edərək, xəzinənin qaytarılmasını tələb edir. Kolumbiya isə gəminin öz ərazisində aşkar edildiyini vurğulayır və "San Xose"nin dövlətə aid olduğunu müdafiə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu