G7 Rusiya aktivlərindən əldə olunan gəlirləri Ukrayna üçün istifadə etmək istəyir
G7-nin maliyyə nazirləri ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasını dəstəkləmək üçün istifadə edilməsi təklifi ilə bağlı irəliləyiş əldə ediblər, lakin yekun razılığa gələ bilməyiblər.
ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri İtaliyanın Stresa bölgəsində keçirdikləri görüşdən sonra birgə bəyanatla çıxış ediblər.
İclasda qlobal iqtisadi və maliyyə sektorunda baş verən son hadisələrin müzakirə edildiyi, geosiyasi gərginliyin artması və enerji qiymətlərindəki dalğalanma təhlükəsi səbəbindən iqtisadi perspektivin risklərə məruz qalmağa davam etdiyi bildirilib.
Açıqlamada Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki kritik vəziyyətin beynəlxalq ticarət axını və tədarük zəncirlərinin işləməsini poza biləcəyi ifadə edilib.
21-ci əsrə uyğun daha sabit və daha ədalətli beynəlxalq vergi sistemi qurmaq üçün güclü siyasi əzmkarlığa diqqət çəkən bəyanatda, G7-nin transmilli şirkətlər üçün qlobal minimum vergi dərəcəsi ilə bağlı sazişin birinci mərhələsini 2024-cü ilin iyun ayının sonuna qədər imzalamağı hədəflədiyi bildirilib.
Açıqlamada valyuta məzənnələrindəki həddindən artıq dalğalanmalara və nizamsız hərəkətlərə qarşı xəbərdarlıq edilib və qlobal maliyyə sektorunda baş verən hadisələrin yaxından izlənəcəyi vurğulanıb.