"Fitch" İsrailin kredit reytinqini aşağı saldı - Daha da pisləşə bilər
Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Qəzzada davam edən müharibə səbəbindən İsrailin kredit reytinqini "A+"dan "A"-a endirib.
"Fitch"in verdiyi açıqlamada İsrailin kredit reytinqinin "A+"dan "A"-a endirildiyi, proqnozun isə mənfi olduğu bildirilib.
Bəyanatda reytinqin endirilməsinin Qəzzada müharibənin davam etməsi, geosiyasi risklərin artması və hərbi əməliyyatların bir çox cəbhədə təsirini əks etdirdiyi ifadə edilərək, İsrailin dövlət maliyyəsinə zərbə vurulduğuna diqqət çəkilib.
Bəyanatda bu il İsrailin ümumi daxili məhsulunun (ÜDM) 7,8 faizi həcmində büdcə kəsiri olacağı və borcun orta müddətli dövrdə ÜDM-in 70 faizinin üzərində qalacağı gözlənilir.
Açıqlamada geosiyasi risklərin də ölkənin mənfi reytinq proqnozunu dəstəklədiyi, Qəzzada qarşıdurmanın 2025-ci ilə qədər davam edə biləcəyi və digər cəbhələrə yayılma risklərinin olduğu vurğulanıb.
Bəyanatda qeyd olunub ki, münaqişə insan itkiləri ilə yanaşı, əhəmiyyətli əlavə hərbi xərclər, infrastrukturun dağılması və iqtisadi fəaliyyətə və investisiyalara uzunmüddətli ziyan vurması ilə nəticələnə bilər və İsrailin kredit göstəricilərinin daha da pisləşməsinə səbəb ola bilər.
İsrail və İran və müttəfiqləri arasında gərginliyin yüksək olaraq qaldığını xatırladan bəyanatda, son hücumların İsrailin kredit profilinə daha da xələl gətirə biləcək gərginlik riskini vurğuladığı bildirilib.
Açıqlamada gərgin əməliyyatların davam etmə riskinin olduğuna diqqət çəkilərək, bunun təcili hərbi ehtiyaclar üçün yüksək xərclərin davam etməsi və sərhəd bölgələrində istehsal, turizm və tikinti işlərinin kəsilməsi anlamına gəldiyi vurğulanıb.
"Fitch"in bəyanatında qeyd olunub ki, iqtisadiyyata və dövlət maliyyəsinə əhəmiyyətli və uzunmüddətli təsir göstərəcək münaqişələrin uzanması və ya kəskinləşməsi reytinqin aşağı salınmasına səbəb ola bilər.
Mənbə: AA