Almaniyada festivalda bıçaqlı hücum: 3 ölü
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində keçirilən tədbirdə bıçaqlı hücum nəticəsində 3 nəfər həyatını itirib.
Alman mətbuatında yer alan xəbərlərə görə, Solingen şəhərində keçirilən şəhər festivalında bir şəxs insanları bıçaqlayıb.
Hücum edən şəxsin hadisə yerindən qaçdığı bildirilib. Bölgəyə çoxlu sayda polis və tibb briqadasının göndərildiyi qeyd edilib.
Vuppertal polisinin sözçüsü Alexander Kresta jurnalistlərə bildirib ki, yerli vaxtla saat 21.37-də bir çox şahid polis bölməsinə zəng edərək bir nəfərin insanlara bıçaqla hücum etdiyini bildirib.
Kresta hücumda 3 nəfərin öldüyü barədə məlumat paylaşıb.
Polis sözçüsü hücumçunun axtarıldığını, təcavüzkar haqqında çox məlumatlarının olmadığını, əksəriyyətinin şokda olan şahidləri dinləyərək təcavüzkarla bağlı məlumatların əldə ediləcəyini də qeyd edib.