Gürcüstanın baş naziri Aİ-nin ölkədəki səfirini diplomatik tədbirlərlə hədələyib
Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqının səfiri Pavel Qerçinskini ritorikasını dəyişməsə, diplomatik cavab verəcəyi ilə hədələyib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, baş nazir Qerçinskinin radikal müxalifətin lehinə və hakim komandaya qarşı seçki kampaniyasında birbaşa iştirak etdiyini bildirib. O, Aİ səfirini “Vyana Konvensiyasını və demokratik seçki prinsiplərini kobud şəkildə pozmaqda” ittiham edib.
Gürcüstanın baş nazirinin sözlərinə görə, Qerçinski də onların Aİ-yə üzvlük danışıqlarının açılışının dondurulması ilə bağlı bəyanatından sonra dezinformasiya kampaniyasında iştirak edib.
İrakli Kobaxidze qeyd edib ki, bu, diplomatın qərarı Avropaya inteqrasiyanın dayandırılması kimi şərh etməsində özünü göstərirdi. Onun fikrincə, reallıqda Gürcüstan hakimiyyəti Avropa kursundan əl çəkməyib.
“Bir müddətdir ki, biz bu cür hadisələrə diplomatik reaksiya verməkdən çəkinmişik, lakin hər şeyin öz həddi var və əgər gələcəkdə bu kimi faktlarla bağlı istər Aİ səfiri, istərsə də digər müvafiq səfirlərin davranışında dəyişiklik görməsək, biz bunu edəcəyik”, - deyə Kobaxidze bildirib.