Almaniyadan Trampa mesaj: Aİ bir qurum olaraq cavab verməyə hazırdır

Almaniya kansleri Olaf Şolz Avropa İttifaqının ABŞ prezidenti Donald Trampın tarifləri qarşısında zəif olmadığını və Vaşinqtona bir qurum olaraq cavab verməyə hazır olduğunu bildirib.
Dünyanın aparıcı sənaye sərgilərindən biri olan Hannover sənaye sərgisinin rəsmi açılışını edən Almaniya kansleri Olaf Şolz Kanadaya əlavə gömrük rüsumları tətbiq edən Trampa qarşı ölkəsinin Kanada ilə həmrəy olduğunu söyləyib.
Tezliklə hakimiyyətdən getməsi gözlənilən Olaf Şolz "Kanada başqasına məxsus bir dövlət deyil. Kanada qürurlu, müstəqil bir dövlətdir. Kanadanın bütün dünyada dostları var. Xüsusilə Almaniya və Avropada çoxlu dostlar var. Biz sizinləyik" deyib.
Avropa Birliyinin (AB) ABŞ-ın tarifləri qarşısında zəif olmadığını və Vaşinqtona cavab verməyə hazır olduğunu ifadə edən Şolz Birliyin Trampın gömrük siyasətinə qarşı duracaq alətlərə sahib olduğunu vurğulayıb.
Trampın "Öncə Amerika" siyasətlərini, eləcə də tariflərini tənqid edən Şolz bunların cavabının daha çox sərbəst ticarət, daha çox rəqabət qabiliyyəti və daha çox texnoloji hökmranlıq olduğunu söyləyib.
Ticarət müharibələrinin hər tərəfə zərər verdiyini qeyd edən Şolz "Bazarlara və səhm qiymətlərinə baxdığımızda bu an tarif siyasətimizlə səhv yolda olmadığımızı görürük" deyib.