İsveç Rusiyanı Baltik dənizində GPS-ə müdaxilə etməkdə ittiham edir


İsveç Nəqliyyat Agentliyi açıqlayıb ki, Baltik dənizi üzərində GPS siqnallarının pozulması demək olar ki, gündəlik hal alıb və bu vəziyyətdən Rusiya məsuliyyət daşıyır.

Agentliyin məlumatına görə, 2025-ci ildə indiyə qədər 733 hadisə qeydə alınıb. Bu rəqəm 2023-cü il ərzində yalnız 55 idi.

GPS kəsintilərinin həm hava, həm də dəniz nəqliyyatına təsir etdiyi və hadisələrin Rusiyanın ərazisindən qaynaqlandığı bildirilib.

Agentliyin rəhbəri Andreas Holmgren vəziyyəti ciddi adlandıraraq, bunun mülki aviasiya üçün təhlükəsizlik riski yaratdığını qeyd edib.

Son günlərdə Avropa Komissiyasının sədri Ursula von der Leyen-in təyyarəsi də GPS müdaxiləsindən təsirlənib. Pilotların enişi kağız xəritələrlə həyata keçirdiyi, lakin təhlükəsiz şəkildə endiyi bildirilib.

Hadisədən sonra Brüssel “Rusiyanın açıq müdaxiləsi” ifadəsini istifadə edib və Avropanın müdafiə qabiliyyətini artırmaq qərarını bir daha təsdiqləyib.

İsveç, Estoniya, Finlandiya, Latviya, Litva və Polşa iyunda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasına müraciət etmişdi. ICAO Rusiyadan beynəlxalq öhdəliklərini yerinə yetirməsini və bu müdaxilələri dərhal dayandırmasını tələb edib. Lakin İsveç rəsmilərinə görə, əksinə, kəsintilər artırmağa davam edib.

Kreml sözçüsü Dmitri Peskov iddiaları “yanlış məlumat” adlandırıb. Moskva uzun müddətdir bu cür ittihamları rədd edir. İngiltərə Mülki Aviasiya İdarəsi bildirir ki, GPS yalnız uçuş sistemlərinin bir hissəsidir və buna görə də naviqasiya birbaşa ciddi şəkildə təsirlənmir.

Bolqarıstan Mülki Aviasiya İdarəsi isə 2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra GPS kəsintilərində açıq-aydın artım olduğunu açıqlayıb.

Ekspertlər bildirirlər ki, siqnal qarışdırma (jamming) əksər hallarda münaqişə bölgələrində hərbi fəaliyyətlərin yan məhsulu olaraq ortaya çıxır, lakin Avropa ölkələri bunu Kremlin regional təhlükəsizliyi zəiflətməyə yönəlmiş strategiyasının bir hissəsi kimi qiymətləndirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu