"Block" süni intellekt səbəbindən işçilərinin təxminən yarısını ixtisar etdi
"Square", "Cash App" və "Afterpay" kimi markaların ana şirkəti olan "Block" işçi qüvvəsini 40 faiz azaltdığını elan edib.
AFN.az xəbər verir ki, şirkətin həmtəsisçisi Cek Dorsi səhmdarlara yazdığı məktubda bu qərarın arxasındakı əsas səbəbin süni intellekt alətləri olduğunu bildirib.
Bu qərarla birlikdə 4 mindən çox işçi işdən çıxarılıb və "Block"un ümumi personal sayı 6 min nəfərdən aşağı düşüb. Dorsi əksər şirkətlərin yaxın gələcəkdə bənzər bir yol izləyəcəyini proqnozlaşdırır. O, süni intellektin iş proseslərini kökündən dəyişdirdiyini vurğulayaraq qeyd edib ki, yaratdıqları alətlərdən istifadə edən daha kiçik bir komanda daha çox və daha yaxşı iş görə bilər.
Şirkətin maliyyə direktoru (CFO) Amrita Ahuja da daha çevik hərəkət etmək üçün süni intellekt vasitəsilə avtomatlaşdırmanı artıracaqlarını təsdiqləyib. Eyni zamanda, "Twitter"in də qurucusu olan Dorsi ixtisarların krizisdən deyil, əksinə şirkətin maliyyə gücündən qaynaqlandığını müdafiə edərək digər şirkətlərin bu transformasiyada gecikdiyini iddia edib.
2019-cu ilin sonunda təxminən 3800 işçisi olan "Block" ixtisarlardan əvvəl 10 min nəfərə çatmışdı. "Meta" və "Amazon" kimi nəhənglər də bənzər şəkildə pandemiya sonrası kadrlarını daraltmağa başlayıblar. Qeyd edək ki, "Block"un səhmləri ixtisar elanından sonra 24 faizə qədər yüksəlib.
Dorsi tədricən ixtisarlar yerinə bir dəfəyə dürüst addım atmağa üstünlük verdiyini söyləyib. Təsirə məruz qalan işçilərə stajlarına görə 20 həftə və ya daha çox təzminat, altı aylıq tibbi sığorta və əlavə olaraq 5 min dollar nağd ödəniş veriləcəyi açıqlanıb. "Anthropic" və "OpenAI" kimi şirkətlərin yeni alətlər bazara çıxarması isə işçi qüvvəsi bazarında narahatlıqları artırır.
