100 avroluq lotereyada 1 milyon avroluq Pikasso tablosu qazandı



Xeyriyyə məqsədilə təşkil edilən lotereyada cəmi 100 avro ödəyərək iştirak edən şəxs Pablo Pikassonun dəyəri 1 milyon avrodan çox olan orijinal tablosunun sahibi olub.

AFN.az xəbər verir ki, mühəndis və sənət həvəskarı Ari Hodara qalib olduğunu Parisdəki "Christie's" hərrac evindən gələn videozəng vasitəsilə öyrənib.

İspan rəssamın 1941-ci ilə aid əsərini qazandığı bildirildikdə, Hodara "Bunun zarafat olmadığını haradan bilim?" deyərək təəccübünü gizlədə bilməyib. Təşkilatçılar hər biri 100 avrodan satışa çıxarılan biletlərə dünya miqyasında 120 mindən çox insanın maraq göstərdiyini, lotereyadan əldə olunan təxminən 11 milyon avronun isə alzheimer xəstəliyinin araşdırılmasına sərf ediləcəyini açıqlayıblar.

"100 avroya 1 Pikasso" layihəsinin builki mükafatı sənətkarın özünəməxsus üslubda kağız üzərində quaj boya ilə çəkdiyi "Tête de Femme" (Qadın başı) adlı portret olub. Əsərdə Pikassonun tərəf müqabili və ilham pərisi olan sürrealist rəssam Dora Maar təsvir edilib.

Təsadüfən bilet aldığını deyən Hodara sənətlə maraqlandığını və bu qələbənin onun üçün möhtəşəm bir xəbər olduğunu bildirib. Qeyd edək ki, layihədən əldə olunan gəlirin 1 milyon avrosu tablonun əvvəlki sahibi olan "Opera Gallery"yə ödəniləcək, qalan bütün vəsait isə Fransa Alzheimer Araşdırmaları Fonduna bağışlanacaq.

Fondun rəhbəri Olivye de Laduçet bu addımın gələcəkdə alzheimer xəstəliyinin sadəcə pis bir xatirə kimi qalması yolunda böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu