Macarıstandan Ukraynaya mesaj: Aİ-yə üzvlük danışıqlarının ilk bəndlər paketi açıla bilər



Macarıstanın Baş naziri Peter Magyar Ukraynadakı Macar azlığının hüquqlarının genişləndirilməsi məsələsində Kiyev ilə razılığa gəldiklərini, öhdəliklər yerinə yetiriləcəyi təqdirdə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının ilk bəndlər paketinin açılmasını dəstəkləyəcəklərini bəyan edib.

AFN.az xəbər verir ki, Magyar "X"də yaydığı bəyanatda Viktor Orban və hökumətinin 10 ildə edə bilmədiyi işi özünün son 3 həftədə bacardığını bildirib.

Ukraynanın Transkarpatiya bölgəsində yaşayan və sayı 100 mini ötən Macar azlığının dil, təhsil, mədəniyyət və siyasi hüquqlarının genişləndirilməsi istiqamətində Kiyev ilə hərtərəfli razılıq əldə etdiklərini elan edən Magyar bunun iki ölkə arasındakı intensiv danışıqların nəticəsi olduğunu vurğulayıb.

Macarıstan rəhbəri Ukraynanın razılaşdırılmış tədbirləri yaxın gələcəkdə öz hüquq sisteminə daxil etməyi öhdəsinə götürdüyünə diqqət çəkərək, nəticədə Macar azlığının əvvəlkindən daha geniş təhsil, mədəniyyət, dil və siyasi hüquqlara sahib olacağını qeyd edib.

Bu öhdəliklərin Ukraynanın Aİ-yə təqdim edəcəyi fəaliyyət planına da daxil ediləcəyi barədə məlumat paylaşan Magyar bu şərt reallaşacağı təqdirdə Ukraynanın Aİ-yə üzvlük danışıqlarının ilk bəndlər paketinin açılmasına yaşıl işıq yandıracaqlarına işarə edib.

Bununla belə, Magyar ölkəsinin Ukraynanın sürətləndirilmiş Aİ üzvlüyünə qarşı çıxmağa davam etdiyini xatırladaraq bildirib ki, əgər Ukrayna növbəti 10-15 il ərzində 33 bəndin hamısını bağlamağı bacararsa, Macarıstan hüquqi cəhətdən məcburi xarakter daşıyan referendum keçirməklə Ukraynanın üzvlüyünü dəstəkləyəcək.

Qeyd edək ki, Viktor Orbanın hakimiyyəti dövründə Budapeşt hökuməti Ukraynanın Aİ üzvlüyünə qəti şəkildə qarşı çıxaraq bu istiqamətdəki təşəbbüslərə veto qoyurdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu