Meloni süni intellektə qarşı səsini hüquqi qeydiyyata aldırdı
İtaliyanın Baş naziri Corca Meloni süni intellektlə hazırlanan deepfake təhdidlərinə qarşı səsini hüquqi mühafizə altına almaq üçün Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinə (EUIPO) müraciət edib.
AFN.az xəbər verir ki, Baş nazirlik ofisinin də təsdiqlədiyi müraciət çərçivəsində Meloni italyanca Mən Corcayam mənasını verən Io sono Giorgia ifadəsini iki dəfə səsləndirdiyi dörd saniyəlik səs yazısını qeydiyyata aldırıb.
Kimliyini süni intellekt platformalarının icazəsiz istifadəsindən qorumaq üçün hərəkətə keçən yeganə şəxs Meloni olmayıb.
Yanvar ayında ABŞ-li aktyor Metyu Makkonahi imzasını və səsini qeydiyyata aldıraraq bu istiqamətdə ilk addımı atıb.
Müğənni Teylor Svift də aprel ayında oxşar addım ataraq ABŞ-da üç əmtəə nişanı müraciəti edib.
Bu müraciətlərdən birində Eras Turnesi zamanı səhnədən çəkilmiş fotosu yer alıb, digər ikisində isə son albomunun tanıtımı zamanı özünü təqdim etdiyi səs yazılarından istifadə edilib.
Avqust ayında 80-dən çox sənətçi İngiltərədə hər bir şəxsin öz səsinə sahib olmaq hüququnu təmin edən qanunun qəbul edilməsinə çağırış edib.
Matt Lukas, Hyu Bonnevill və Nikola Kouqlan kimi aktyorlar səslərinin süni intellekt tərəfindən icazəsiz istifadəsinə qarşı daha ciddi müdafiə tələb edən şəxslər arasında yer alıblar.
Süni intellektlə yaradılan səs kopyaları real şəxslərin səs yazıları əsasında öyrədilərək hazırlanır. Sürətli versiyalar bir neçə saniyəlik səs yazısı ilə hazırlana bilir, lakin yüksək keyfiyyətli təqlidlər üçün saatlarla məlumat tələb olunur.
Meloninin səsini qeydiyyata aldırmaq qərarı İtaliyada gələn il keçiriləcək ümumi seçkilər ərəfəsində baş verib. Io sono Giorgia ifadəsi Meloninin 2021-ci ildə nəşr olunan avtobioqrafiyasının adı olub və baş nazirin siyasi kampaniyaları ilə eyniləşib.
Meloni 2024-cü ildə özünə aid deepfake pornoqrafik videoların internetə yerləşdirilməsindən sonra 100 min avro təzminat tələb etmişdi.
Deepfake görüntülər bir şəxsin üzünün rəqəmsal şəkildə başqa bir şəxsin bədəninə yerləşdirilməsi yolu ilə hazırlanır. Son illərdə deepfake məzmunlar internetdə geniş yayılıb və zərərçəkənlər bunun yaratdığı travmanı dilə gətiriblər.
