Rusiyada Apple, Google, Telegram və Wikimedia cərimələnib
Rusiyada məhkəmə Apple, Google, Telegram və Vikipediyanı idarə edən Wikimedia Fondunu qadağan olunmuş məzmunları silmədiklərinə görə ümumilikdə 26,3 milyon rubl (təxminən 318 min dollar) məbləğində cərimələyib.
AFN.az xəbər verir ki, qərar Moskvanın Taqanski Rayon Məhkəməsində qəbul edilib.
Məhkəmə adıçəkilən şirkət və təşkilatlara qarşı qaldırılan işlər üzrə qərarını açıqlayıb.
Qərara əsasən, Wikimedia Fonduna 15,2 milyon rubl, Google və Telegram şirkətlərinin hər birinə 3,8 milyon rubl, Apple şirkətinə isə 3,5 milyon rubl cərimə tətbiq olunub.
Şirkət və təşkilatlara cərimə kəsilməsinin səbəbi Rusiyada qadağan olunmuş məzmunların silinməməsi olub. Telegram-a qarşı işin Rusiya Silahlı Qüvvələri haqqında yanlış məlumat ehtiva etdiyi bildirilən paylaşımlarla əlaqəli olduğu qeyd edilib.
Apple ilə bağlı məhkəmə iclasının isə şirkətin məxfi məlumatlarının açıqlana biləcəyi ehtimalı əsas gətirilərək mətbuat üçün qapalı keçirildiyi bildirilib.
Rusiyada sözügedən şirkət və təşkilatlar daha əvvəl də qadağan olunmuş məzmunları silməmək və ölkədəki hüquqi öhdəlikləri yerinə yetirməmək kimi səbəblərlə cərimələniblər.

