Belçikada xəstəxanalarda şəbəkə nasazlığı əməliyyatları dayandırıb



Belçikada bir sıra xəstəxanalarda baş verən şəbəkə kəsintisi planlı əməliyyatların təxirə salınmasına və tibbi xidmətlərdə fasilələrin yaranmasına səbəb olub. 

AFN.az xəbər verir ki, nasazlıq səbəbindən bəzi xəstəxanalarda tibbi prosedurlar və qəbul saatları dəyişdirilib, təcili yardım avtomobilləri isə başqa tibb müəssisələrinə yönləndirilib.

Belçikanın ictimai yayımçısı VRT-nin məlumatına görə, ölkənin bəzi xəstəxanalarında informasiya sistemlərində yaranan problemlər əməliyyatların və həkim qəbulunun təxirə salınmasına səbəb olub.

Şəbəkə kəsintisindən təsirlənən Brüssel Universitet Xəstəxanasında (UZ Brussel) informasiya texnologiyaları və telefon sistemlərində nasazlıqlar qeydə alınıb.

Xəstəxanada planlı əməliyyatlar və tibbi prosedurlar növbəti bildirişədək təxirə salınıb, ambulator müalicə üzrə bütün qəbul və prosedurlar ləğv edilib. Təcili yardım avtomobilləri də digər xəstəxanalara yönləndirilib.

Xəstəxananın açıqlamasına görə, informasiya texnologiyaları üzrə mütəxəssislər kəsintinin səbəbini araşdırarkən stasionar müalicə alan pasiyentlərin təhlükəsizliyi təmin olunmağa davam edir.

Qərbi Flandriya bölgəsinin Tielt şəhərində yerləşən Sint-Andries Xəstəxanası da şəbəkə problemlərinin yarandığını bildirib.

Belçikanın Belga xəbər agentliyinin məlumatına görə, Antverpendəki AZ Monica Xəstəxanası ehtiyat tədbiri olaraq elektron xəstə qeydiyyatı sistemini deaktiv edib. Bununla belə, xəstəxanada qəbul və əməliyyatlar planlaşdırıldığı kimi davam edib.

Lyer şəhərindəki Heilig Hart Xəstəxanası isə pasiyentlərin qəbul vaxtlarını yenidən tənzimləyib. Kəsintinin UZ Brussel-də hazırlanmış və digər xəstəxanalar tərəfindən də istifadə edilən elektron xəstə qeydiyyatı sistemi ilə əlaqəli olduğu bildirilib.

Problemin texniki nasazlıqdan, yoxsa kiberhücumdan qaynaqlandığı hələlik məlum deyil.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu