ABŞ-da iki paraşütçü havada toqquşaraq həyatını itirib
ABŞ-da təcrübəli iki paraşütçü enişə hazırlaşarkən havada toqquşub. Paraşütləri bir-birinə dolaşan 56 və 29 yaşlı şəxslər yerə çırpılaraq həyatlarını itiriblər.
AFN.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında paraşütlə tullanış edən iki nəfər enişə hazırlaşdıqları zaman havada toqquşaraq ölüb.
Skydive Elsinore müəssisəsində cümə günü baş verən qəzada 56 yaşlı Georgia Jean və 29 yaşlı Levi Pimentel ağır xəsarət alıblar. Xəstəxanaya çatdırılan iki paraşütçünü həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Rəsmilərin açıqlamasına görə, sərbəst düşmə və paraşütlərin açılması mərhələləri problemsiz başa çatıb. Lakin enişə hazırlaşdıqları zaman yerdən təxminən 46 metr yüksəklikdə toqquşan paraşütçülərin paraşütləri bir-birinə dolaşıb. Hər iki təcrübəli paraşütçünün lisenziyalı olduğu bildirilir. Qəzadan sonra ABŞ Federal Aviasiya Administrasiyasına məlumat verilib.
Rəsmilər qəzanın səbəbini müəyyənləşdirmək məqsədilə paraşütçülərin avadanlıqlarını araşdırmaya götürüblər. ABŞ Paraşüt Assosiasiyasının məlumatına görə, 2025-ci ildə ölkədə ümumilikdə 3,47 milyon paraşütlə tullanış həyata keçirilib və 16 ölümcül qəza qeydə alınıb.

