Nyu-York küçələrindən birinin adı afroamerikalılara görə dəyişdi - VİDEO




ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda mərkəzi küçələrdən birinin adı dəyişdirilib.

"Report"un xüsusi müxbiri xəbər verir ki, bu barədə Nyu-York Şəhər Bələdiyyəsinin sədri Bill De Blasio qərar imzalayıb.

Qərara əsasən, Marci və Brunklin prospektləri arasında yerləşən Fulton küçəsinin adı “Black Lives Matter” olaraq dəyişdirilib.

Bundan sonra təxminən 50 könüllü rəssamdan ibarət komanda tarixən afroamerikalıların sıx yaşadığı Nyu-Yorkun ən işlək avtomobil yolu olan Fulton küçəsi boyunca “Black Lives Matter” ("Afroamerikalıların həyatı önəmlidir") cümləsini yazıblar. Eyni zamanda küçədə bu günədək polis vəhşiliyinin qurbanı olmuş afroamerikalıların maketləri qoyulub, simvolik maketlərin üzərində onların adları və məlumatları yer alıb. Küçəni milyonlarla insan ziyarət edib, çəkdikləri fotoları “Black Lives Matter" həştəqi ilə paylaşıblar.

Nyu-Yorkun Nəqliyyat departamenti isə lahiyənin reallaşması üçün Fulton küçəsinin bir müddət polis nəzarətində ictimai nəqliyyata bağlanacağını açıqlayıb.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb. Bütün bunlara baxmayaraq, ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə olunub.

Nümayişçilərin tələbi ilə Minneapolis, Vaşinqton və Los-Anceles şəhərlərinin mərkəzi küçələrinin adları dəyişdirilmiş və “Afroamerikalıların həyatı önəmlidir” (“Black Lives Matter") adı verilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu