Ukrayna sülh sammitinə dəvət Azərbaycanın tutduğu mövqeyə etimad deməkdir - RƏY


Xəbər verildiyi kimi, Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət edib. Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk bildirib ki, ölkəsi Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Azərbaycan bu sammitdə iştirakını təsdiqləyib.


Bu tədbirdə iştirak ölkəmizə nə vəd edir? Siyasi şərhçi Müşfiq Abdulla AFN.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın bu sülh sammitində iştiraka dəvət edilməsi müsbət hadisədir: “İiki ildən artıqdır davam edən müharibənin və humanitar fəlakətin nəticələrinin aradan qaldırılması baxımından Azərbaycanın sözügedən tədbirə dəvət edilməsi Ukrayna böhranının həllində rəsmi Bakının tutduğu mövqeyə etimad deməkdir. Ona görə də Azərbaycan nümayəndə heyətinin həmin tədbirdə iştirak edəcəyini gözləyirəm”.



M.Abdullanın sözlərinə görə, Azərbaycan hələ müharibənin ilk günlərindən sülhün bərqərar olmasına dəstək verib: “Bu, özünü müxtəlif formalarda göstərib. Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib, eyni zamanda, siyasi dəstəklə yanaşı, iqtisadi və humanitar dəstək göstərib. Rəsmi Bakı birmənalı şəkildə Ukraynaya hərbi yardım göstərməyəcəyini bəyan edib. Lakin Ukrayanaya daim humanitar yardımlar edəcəyini də açıq şəkildə bildirib. Ona görə də ölkəmizin sülh sammitində, Ukrayna sülh formulunda iştirakının Rusiya ilə münasibətlərə hər hansı təsir göstərəcəyini də düşünmürəm. Hətta hesab edirəm ki, Azərbaycan ötən təcrübəyə dayanaraq nəinki Ukrayna sülh formulunda da iştirak edə bilər, münaqişənin həlli istiqamətində də mühüm vasitəçilik təşəbbüsü ilə çıxış edə bilər. Bu da Azərbaycanın hər iki dövlətlə sıx tərəfdaşlıq münasibətlərinə malik olması ilə bağlıdır. Üstəlik, ən vacib məqamlardan biri qardaş ölkə, strateji müttəfiqimiz olan Türkiyənin Ukrayna və Rusiya arasında sülhə nail olması istiqamətində vasitəçilik təcrübəsinə malik olmasıdır. Düşünürəm ki, Azərbaycan Türkiyə ilə birgə bir sülh platforması, vasitəçilik formatı təşkil etməklə iki dövlət arasında sülh danışıqlarının aparılmasında, sülh formulunun tapılmasında iştirak edə bilər”.
Həmsöhbətimiz qeyd etdi ki, Ukrayna sülh sammitində qarşıya qoyulacaq və müzakirə predmeti olacaq əsas mövzular Ukraynaya humanitar yardımların göstərilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdir. Bu baxımdan Azərbaycan da kifayət qədər başqa ölkələrə nümunə olacaq təcrübəyə malikdir: “Məlumdur ki, ötən il Rusiya Ukraynanın enerji sistemini, elektrik stansiyalarını raket hücumları ilə məhv etməsindən sonra Ukrayna qaranlığa qərq olmuşdu. Belə bir vəziyyətdə Ukraynaya ən çox yardım göstərən ölkələrdən biri Azərbaycan oldu. Ukraynaya generatorlar, yanacaq, transformatorlar göndərməklə ölkənin enerji təhlükəsizliyinin təminatında fəal iştirak etdi. Bu, yalnız Ukrayna tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildi. Bu baxımdan qeyd edilən tədbirə dəvət olunmağımız və orada iştirak etməyimiz mühüm hadisədir”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu