İsrailin hava hücumu nəticəsində yaralanan Britaniya vətəndaşı məhbus öldü - Qəssam Briqadaları
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları bir ay bundan öncə İsrail ordusunun Qəzza zolağının şimalına hücumu zamanı yaralanan Britaniya vətəndaşı və israili məhbus Nadav Popplevelin öldüyünü açıqlayıb.
İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə Telegram-da dərc etdiyi açıqlamada deyib: “İngiltərə vətəndaşlığı olan 51 yaşlı məhbus Nadav Popplevel İsrail döyüş təyyarələrinin onunla birlikdə məhbus Judi Feinşteynin saxlandığı yeri hədəf alması nəticəsində aldığı xəsarətlər səbəbilə dünyasını dəyişib".
Əbu Ubeyde İsrailin Qəzza zolağında xəstəxanaları dağıtması və xəstəxanaların xidmətdən çıxması səbəbindən 51 yaşlı Popplevelin intensiv tibbi yardım ala bilmədiyinə diqqət çəkərək, səhhətinin pisləşdiyini və həyatını itirdiyini vurğulayıb.
Qeyd edək ki, İzzəddin Əl-Qəssam Briqadaları dünən bir israilli məhbusun saxlandığı yerdə intihara cəhd etdiyini və son anda xilas edildiyini açıqlamışdı.