Norveç və İrlandiya Fələstin dövlətini rəsmən tanıdı
İspaniyanın ardınca Norveç və İrlandiya da Fələstini dövlət olaraq rəsmən tanıdıqlarını açıqlayıblar.
Hökumət İrlandiyanın Fələstin dövlətini rəsmən tanıdığını və planı pisləyən İsrailə meydan oxuduğunu bəyan edib.
Hökumət bu gün səhər keçirilən kabinet iclasında tanınma haqqında qərar qəbul edib.
“Hökumət Fələstini suveren və müstəqil dövlət kimi tanıyır və Dublin ilə Ramallah arasında tam diplomatik münasibətlər qurmağa razıdır”, - deyə bəyanatda bildirilir.
İrlandiyanın Fələstinə səfir təyin edəcəyi də açıqlanıb.
Norveç Fələstinin tanınmasını təsdiq edən sənəd təqdim edib.
Norveçin verdiyi açıqlamada, "Fələstinin dövlət olaraq tanınması qərarı Konstitusiyanın 28-ci maddəsinə uyğun olaraq Kralın Dövlət Şurasında təsdiqini tələb edən mühüm məsələ hesab edilir. 24 may Kral fərmanının qəbul edilməsindən sonra Fələstin yazılı tanınma ilə rəsmi olaraq elan ediləcək. Norveçin Fələstini bir dövlət olaraq rəsmi tanıması 28 May 2024 Çərşənbə axşamı günü qüvvəyə minəcək" qeyd edilib.