Assanca Avstraliyaya getməyə icazə verildi - VİDEO


ABŞ ilə əldə olunan razılaşma nəticəsində "WikiLeaks" saytının qurucusu Culian Assanc Avstraliyaya getmək üçün 5 ildir həbsdə olduğu İngiltərəni tərk edərək ABŞ-a məxsus Şimali Mariana adalarına gedib.



Britaniya və ABŞ mətbuatında yer alan xəbərə görə, "WikiLeaks" saytının qurucusu Culian Assanc razılaşma çərçivəsində Sakit Okeanın Asiya sahillərinə yaxın Şimali Mariana Adaları Dairə Məhkəməsində sabah keçiriləcək iclasda ABŞ-ın casusluq qanununu pozduğunu etiraf edəcək.

Vətəndaşı olduğu Avstraliyaya yaxınlığı səbəbiylə bu adada keçiriləcək dinləmədən sonra Assanc 5 il saxlanıldığı İngiltərədə həbsxanada qaldığı müddət nəzərə alınaraq 62 ay həbs cəzası alacaq.

ABŞ ilə razılaşma çərçivəsində Assanca məhkəmədən sonra Avstraliyaya getməyə icazə verilib.

Razılaşmadan sonra Assanc İngiltərənin paytaxtı Londondakı Belmarş həbsxanasını tərk edərək şəxsi təyyarə ilə Şimali Mariana adalarında yerləşən Saypan şəhərinə yola düşüb.

Avstraliyanın baş naziri Entoni Albanese də Assancın Böyük Britaniyanı tərk etdiyini təsdiqləyib. Albanese Avstraliyanın Londondakı səfiri Stiven Smitin Saypandakı dinləmələrdə Assancı müşayiət edəcəyini açıqlayıb.

Assancın həyat yoldaşı Stella Assancın X hesabında verdiyi açıqlamada "Culian azaddır" deyib. O, açıqlamalarını verərkən Assancın təyyarəyə minməsinin görüntülərini də paylaşıb.

Qeyd edək ki, Culian Assanc tərəfindən təsis edilən "WikiLeaks" 2010-cu il oktyabrın 28-də ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən 251 min məxfi sənəd dərc edib.

Assanc 2012-ci ilin iyununda sığındığı Ekvadorun Londondakı səfirliyindən 2019-cu il aprelin 11-də nəzarətə götürülüb və zəminlik müqabilində azad edilmə şərtlərini pozduğuna görə həbs edilib və Londondakı Belmarş həbsxanasına aparılıb.

Məhkəmə 50 həftəlik həbs cəzası alan Assancın ekstradisiya tələbi çərçivəsində cəzasını başa vurduqdan sonra həbsdə qalmasına qərar verib.

Ali Məhkəmə 2021-ci il dekabrın 10-da Assancın ABŞ-a ekstradisiyasına qərar verib.

Assancın vəkilləri də 1 iyul 2022-ci il tarixli qərarla bağlı Ali Məhkəməyə müraciət ediblər.

Martın 26-da məhkəmə ABŞ tərəfindən müəyyən təminatlar verilmədiyi təqdirdə Assancın ABŞ-a ekstradisiya edilməyəcəyinə qərar verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu