ABŞ hökumətinin "Reuters"ə ödəmələri ilə bağlı mübahisələr davam edir

ABŞ-lı iş adamı İlon Maskın 2018-2022-ci illər arasında Vaşinqton administrasiyasından milyonlarla dollar ödəniş aldığını iddia etdiyi təşkilatın "Reuters" xəbər agentliyi deyil, özəl sektora və dövlət qurumlarına təhlükəsizlik və informasiya xidmətləri göstərən "Thomson Reuters Special Services" (TRSS) şirkəti olduğu bildirilib.
Mask "Reuters" xəbər agentliyinin 2018-2022-ci illər arasında ABŞ hökumətindən milyonlarla dollar ödəniş aldığını iddia etdikdən sonra "Thomson Reuters Special Services" (TRSS) baş icraçı direktoru (CEO) Stiv Rabli mövzu ilə bağlı açıqlama verib.
Rabli, ABŞ Müdafiə Nazirliyi ilə razılaşmanın "Reuters" xəbər agentliyi ilə deyil, "Thomson Reuters" qrupuna bağlı olan, lakin müstəqil idarə heyəti tərəfindən idarə olunan TRSS ilə bağlandığına diqqət çəkib.
Rabli TRSS ilə ABŞ Müdafiə Nazirliyi arasındakı əlaqənin yanlış təqdim edildiyini söyləyərək, təşkilatın xəbər agentliyindən müstəqil ABŞ-da ayrıca hüquqi şəxs olduğunu müdafiə edib.
Qeyd edək ki, "Thomson Reuters" qrupunun bir hissəsi olan TRSS özəl sektora və dövlət qurumlarına təhlükəsizlik və informasiya xidmətləri göstərən şirkətdir.
İlon Mask dünən Britaniya xəbər agentliyi "Reuters"in 2018-2022-ci illər arasında ABŞ hökumətindən milyonlarla dollar ödəniş aldığını iddia edib.
ABŞ prezidenti Donald Tramp da dünən "Truth Social" sosial media platformasındakı paylaşımlarında iddia edib ki, "Reuters", "Politico" və "The New York Times" kimi media qurumları federal agentliklər tərəfindən maliyyə dəstəyi alıb və bu ödənişlər xəbər məzmununa təsir etmək məqsədi daşıyır.