Cəfər Qara: Bölgələrə aşağı büdcəli uçuşlar turist sayına ciddi təsir göstərir


Birləşmiş Ərəb Əmirliklərinin “Wizz Air Abu Dhabi” aviaşirkətinin iyunun 19-dan başlayaraq Qəbələyə birbaşa uçuşlar təşkil etməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayında ciddi artım yaradacaq.


Bu barədə AFN.az-a açıqlamasında “Zakher” travel şirkətinin rəhbəri Cəfər Qara bildirib. Onun sözlərinə görə, aviabiletlərin gediş-dönüş qiymətinin baqajla 350-380 manat arasında, baqajsız daha ucuz olması bu mövsümdə BƏƏ-li turistlərin səyahət üçün ölkəmizi daha çox seçəcəyindən xəbər verir: “BƏƏ-nin pasportu dünyada ən güclü pasportudur. Dünyanın 130 ölkəsinə vizasız gedirlər, 35-40 ölkəyə vizanı hava limanında alırlar. Dünyada çox nadir ölkələr var ki, BƏƏ vətəndaşlarına viza tətbiq edir. Bizdə də artıq 2 ildir BƏƏ vətəndaşları üçün viza ləğv olunub. Bundan əvvəl isə hava limanında alırdılar”.
Mütəxəssis aşağı büdcəli hava yollarının regionlardakı hava limanlarına birbaşa uçuşlar həyata keçirməsini tətbiq edən ölkələrdə turist sayında getdikcə daha çox artım olduğunu da diqqətə çatdırıb: “Gürcüstan illərdir turizm baxımından o qədər də böyük potensialı olmayan Kutaisiyə aşağı büdcəli hava yollarının uçuşlarını təşkil etməklə buranı demək olar ki, bütün dünyaya tanıda bilib. Artıq bir çox ölkələrdən insanlar Kutaisiyə gəlir, sonra Gürcüstanın digər şəhərlərinə, turistik yerlərinə gedirlər. Niyə biz də Qəbələyə, Gəncəyə, Lənkərana və digər bölgələrə belə uçuşlar təşkil etməyək? Bu, həmin regionlarda iqtisadiyyatın inkişafına da müsbət təsir göstərir. Yerli əhali bundan fayda götürür, hava limanında qonaqları gedəcəkləri ünvanlara çatdıran taksi sürücülərindən tutmuş onların qaldıqları hotelləri kənd təsərrüfatı məhsulları ilə təmin edən kəndlilərə qədər hər kəs”.
Cəfər Qara bir neçə gün əvvəl Türkiyədən gələn bir qrup turistə növbəti səfərlərində Gəncəyə uçmağı təklif edib: “Onlara belə bir proqram təklif etdim ki, gələn dəfə Gəncəyə uçsunlar, oradan onları Xankəndinə, Şuşaya aparaq, daha sonra Bakıya gəlib buradan öz ölkələrinə uçsunlar. Razılaşdılar və növbəti səfərlərində biz onları Gəncədə qarşılayacağıq”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu