Danimarkada məşhur "Timmi" adlı qatır balinanın yarılması planlaşdırılır
Danimarka hakimiyyəti Şimal dənizindəki Anholt adası yaxınlığında cəsədi tapılan və "Timmi" ləqəbi ilə tanınan qatır balinanın qalıqlarını tibbi yarılma (autopsiya) üçün ərazidən götürmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi Danimarkanın Ətraf Mühitin Mühafizəsi Agentliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, tələf olmuş nəhəng heyvanın cəsədi məşhur çimərliklərdən birinin yaxınlığındakı dayazlıqdadır və çürümə prosesi yerli sakinlər, eləcə də turistlər üçün ciddi narahatlıq yarada bilər. Bu səbəbdən onun yedəyə alınaraq uzaqlaşdırılması qərara alınıb. Qurumun rəsmisi Yane Hansen bildirib ki, hazırda eyni vaxtda həm autopsiya aparmağa, həm də elmi araşdırmalar üçün dəyərli bioloji nümunələr götürməyə imkan verəcək xüsusi plan hazırlanır.
Təxliyə və araşdırma prosesini Danimarka alimləri və baytarları həyata keçirəcək. Hansen onu da əlavə edib ki, Danimarka tərəfi mövcud vəziyyətlə bağlı alman həmkarları ilə sıx təmasdadır və iki ölkənin elmi-tədqiqat institutları arasında daimi koordinasiya təmin olunur. Agentlik yoluxma riski barədə xəbərdarlıq edərək vətəndaşları balinanın cəsədinə yaxınlaşmamağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Almaniya sahillərində dəfələrlə dayazlığa çırpılan və zəifləyən heyvan iki həftədən bir az çox əvvəl könüllülərdən ibarət özəl təşəbbüs qrupu tərəfindən xilas edilərək Şimal dənizinə buraxılsa da, sonradan onun cansız bədəni Anholt adasına sığınıb.
Təxminən 15 ton çəkisi olan balina ilk dəfə martın 23-də Timmendorfer-Ştrand icması yaxınlığında qum dayağında aşkar edilmişdi. O vaxtdan bəri xilasedicilərin köməyi ilə bir neçə dəfə dərinliyə üzə bilsə də, martın sonundan etibarən Poel adası körfəzində demək olar ki, hərəkətsiz qalmışdı. Ekspertlər onun sağ qalma şansının olmadığını bildirsələr də, aprelin ortalarında könüllülərə yeni xilas etmə əməliyyatı üçün icazə verilmişdi. Aprelin 28-də balinanı barjaya yükləyən fəallar mayın 2-də Timmili Şimal dənizinin dərin sularına buraxmağa nail olmuşdular.


